Türk Dövlətləri Təşkilatının yaradılmasında məqsəd türkdilli ölkələr arasında əməkdaşlığı dərinləşdirmək, regional sülh və sabitliyə töhfə verməkdir.
Razılaşmaya əsasən, ölkələr xarici siyasət məsələlərində vahid mövqedən çıxış etməli, terrorizm və cinayətkarlığa qarşı mübarizədə fəaliyyətləri əlaqələndirməli, ticarət və investisiyalar üçün əlverişli mühit yaratmalı, hərtərəfli iqtisadi inkişafı təmin etməli, elm və texnologiya sahədə əməkdaşlığı genişləndirməlidir.
Bugünlərdə Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısı Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib ki, "Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir".
Qeyd edək ki, türk dövlətləri arasında ticarət dövriyyəsinin daha da artırılması prioritet olaraq qalır.
Türk dövlətlərinin vahid valyutaya keçidi reallaşa bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov "Cebheinfo.az"-a bildirib ki, türk dövlətlərinin iqtisadi inteqrasiyası praktik olaraq genişlənir və həm Şuşa şəhərində keçirilən zirvə toplantısında, eləcə də qəbul edilən Qarabağ Bəyannaməsində, həm də iqtisadi əlaqələrin dərinləşməsi ilə bağlı kifayət qədər vacib məqamlar öz əksini tapır:
"Bu baxımdan praktik olaraq türk dövlətləri arasında əlaqələrin, eləcə də iqtisadi münasibətlərin dərinləşməsini müşahidə edirik. Bu, gələcəkdə vahid türk məhsulunun istehsalı və ixracatına da imkan yarada bilər.
Vahid valyutaya gəldikdə isə onun dövriyyəyə buraxılması zaman tələb edən bir məsələdir. Qısamüddətli dövrdə həyata keçirilən bir proses deyil. Birmənalı şəkildə həm bu prosesin zaman baxımından qiymətləndirilməsi, həm iqtisadiyyatların yaxınlaşması, struktur olaraq inteqrasiyası çox vacibdir.
Ona görə də vahid valyutanın dövriyyəyə buraxılması gələcəkdə müzakirə oluna bilər. Ancaq hazırda vahid valyutanın dövriyyəyə buraxılması praktik olaraq, xüsusən də maliyyə sektoru, o cümlədən iqtisadiyyatların yaxınlaşması baxımından gələcək üçün nəzərdə tutulan bir mövzudur.
Gələcəkdə bunun müzakirəsi mümkündür. İqtisadi və maliyyə baxımından hələlik türk dövlətlərinin vahid valyutası müzakirə olunmur. Ancaq gələcəkdə inteqrasiya, cənab Prezidentin qeyd etdiyi kimi vahid türk ailəsinin daha da güclənməsi, vahid valyutanın dövriyyəyə buraxılması məsələsinin müzakirəsinə imkan yarada bilər".









