Bütün Gürcüstanın Katolikos-Patriarxı III Şio patriarx taxtına çıxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mayın 12-də Msxetada, Gürcüstanın əsas kafedral patriarx məbədi olan Svetitsxoveli Kafedralında Gürcü Pravoslav Kilsəsinin yeni rəhbərinin intronizasiya mərasimi keçirilib.
Xatırladaq ki, ötən gün (mayın 11-də) Senaki və Çxorotsku mitropoliti Şio (dünyəvi adı ilə Elizbar Muciri) Gürcüstanın yeni patriarxı seçilib. Onun lehinə 22 arxiyerey səs verib. Şiodan başqa, patriarx taxtına daha iki namizəd var idi — Poti və Xobi mitropoliti Qriqola (Berbiçaşvili) və Urbnisi və Ruisi mitropoliti İov (Akiaşvili).
Gürcü Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi martın 17-də vəfat edən Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın ölümündən sonra baş tutub. O, kilsəyə təxminən yarım əsr rəhbərlik edib.








