PAŞA Holding davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində “PAŞA Ventures Company” MMC-nin yaradıldığını elan edir. Hüquqi baxımdan əvvəlki “PAŞA Management Company” əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək. “PAŞA Ventures Company” MMC-nin idarəçiliyi altında Saffron Restaurant Group, Blue Planet pərakəndə satış şirkəti, Caspian Entertainment və PAŞA Travel kimi aktivlər birləşdiriləcək.
Şirkətin baş icraçı direktoru vəzifəsinə Elnur Əmikişiyev təyin olunub. Elnur 2020-ci ildən etibarən PAŞA Holding-də Xüsusi Layihələr üzrə Direktor və Ventures istiqaməti üzrə İcraçı Direktor vəzifələrində çalışıb. Qrupumuza qoşulmazdan əvvəl o, 23 il ərzində BP şirkətində Maliyyə və Kommersiya departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov mövzu ilə bağlı bildirib:
“PAŞA Ventures-in yaradılması müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin daha effektiv idarə olunmasına və inkişafına əlavə imkanlar yaradacaq. İnanıram ki, bu fəaliyyət Holdinqimizin fəaliyyət göstərdiyi ölkələrin inkişafına töhfə vermək məqsədinə xidmət edəcək.”
Qeyd edək ki, bu dəyişiklikdən sonra PAŞA Holding-in strukturu üç alt-holdinqdən (aktivlər qrupu) ibarət olacaq: PAŞA Maliyyə Holding, PAŞA Real Estate və PAŞA Ventures. Bununla yanaşı, Holding çərçivəsində Agro Dairy və Bravo şirkətləri ayrıca vertikallar kimi fəaliyyətlərini davam etdirəcəklər.









