Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Amil Lətifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddәtә azadlıqdan mәhrumetmә cәzası tәyin olunub.
İttihama görə, Amil Lətifov həmkəndlisi olan zərərçəkmiş Mahal Babayevin (adı, soyadı şərtidir) guya onun bacısı ilə bağlı kənddə əsassız söz-söhbətlər yayması barədə aldığı məlumatı bəhanə edərək, heç bir əsaslı səbəb olmadan sonuncuya qarşı aqressiv münasibət formalaşdırıb. O, özünü zərərçəkmiş şəxsdən üstün tutaraq, ictimai qaydalara və qəbul olunmuş davranış normalarına açıq etinasızlıq nümayiş etdirib və nəticədə onu qəsdən öldürmək qərarına gəlib.
Cinayət niyyətini həyata keçirmək məqsədilə təqsirləndirilən şəxs 2025-ci ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinə gizli şəkildə daxil olub. Əvvəlcə evin həyətinə keçərək orada gizlənib, Mahalın evə daxil olmasını gözləyib. Zərərçəkmiş şəxs evə girərək qapını bağlayıb və yataq otağına keçdikdən sonra Amil mətbəxin nəfəsliyindən içəri daxil olub və yataq otağına yönəlib. Zərərçəkmiş şəxs səsə oyandıqda təqsirləndirilən şəxs dərhal onun üzərinə hücum edib. İlkin olaraq həyətdən götürdüyü daş parçası ilə Mahalın baş nahiyəsinə zərbə endirməyə cəhd etsə də, daş əlindən düşüb. Bundan sonra o, hərəkətlərini davam etdirərək yumruq zərbələri ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə ardıcıl zərbələr vurub, daha sonra isə onu boğmağa cəhd edib.
Mahalın müqaviməti ilə üzləşən Amil niyyətindən əl çəkməyərək mətbəxə keçib, oradan bıçaq götürərək yenidən yataq otağına qayıdıb və xüsusi amansızlıq nümayiş etdirərək zərərçəkmiş şəxsə çoxsaylı zərbələr endirib. Nəticədə o, Mahala həyat üçün təhlükəli olan, döş qəfəsinə nüfuz edən ağır xəsarət, həmçinin bədənin müxtəlif nahiyələrində çoxsaylı kəsilmiş-deşilmiş yaralar yetirib.
Hadisə zamanı yaranan səs-küyə qonşuların reaksiya verməsi və onlardan birinin evə daxil olmağa cəhd göstərməsi təqsirləndirilən şəxsin cinayətkar niyyətini başa çatdırmasına mane olub. Amil hadisə yerindən qaçaraq uzaqlaşıb. Zərərçəkmiş şəxs isə qonşuların köməkliyi ilə vaxtında xəstəxanaya çatdırılıb və göstərilən təcili tibbi yardım nəticəsində onun həyatı xilas edilib.
Beləliklə, təqsirləndirilən şəxs özündən asılı olmayan səbəblərə görə qəsdən adam öldürmə niyyətini başa çatdıra bilməyərək, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə cinayətini törədib.










