ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Vaşinqtonda keçirilən tədbir zamanı baş verən atışma ilə bağlı insidentdə xəsarət almayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə ABŞ paytaxtının mərkəzində yerləşən “Vaşinqton Hilton” otelində Ağ Ev müxbirləri assosiasiyasının illik qəbulunda baş verib. İnsidentin potensial atışma olduğu bildirilir.
“Tramp da, Vens də assosiasiyanın illik şam yeməyində baş verən insident nəticəsində xəsarət almayıb”, – deyə AP qeyd edib.
Hadisənin detalları və təhlükəsizlik vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
***
04:58
ABŞ Prezidenti Donald Trampın qatıldığı tədbir zamanı Vaşinqtondakı “Vaşinqton Hilton” otelində atışma baş verib, silahlı şəxs zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Hadisə Ağ Ev müxbirləri assosiasiyasının qəbul mərasimi zamanı qeydə alınıb. CNN jurnalisti Keytlin Kollins bildirib ki, atəş açan şəxs otelin foyesində olub və təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
“ABŞ-ın təhsil naziri yanımdadır, onun mühafizəsi təsdiqlədi ki, ‘Vaşinqton Hilton’ otelinin foyesində silahlı şəxs olub. O, zərərsizləşdirilib”, – deyə jurnalist qeyd edib.
Hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.










