Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Belə ki, imtahan iştirakçıları arasında 2 nəfər - Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, ötən illər buraxılış imtahanlarında ən yüksək nəticəni göstərən şagirdlərin sayı çox olsa da, bu göstərici tədricən azalmağa başlayıb. Mütəxəssislər bunun səbəbini müxtəlif amillərlə izah edirlər.
Maksimal bal toplayanların sayı niyə azalır? İmtahan həddindən artıq çətindir, yoxsa qiymətləndirmə mexanizmi problemlidir?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cümhuriyət ”-ə bildirib ki, bu məsələyə bir qədər realist yanaşmaq lazımdır:
“Maksimum bal toplayanların azalmasını yalnız imtahanın çətin olması ilə əlaqələndirmək doğru deyil. Onu qeyd edim ki, 300 bal toplamaq yaxşı oxumaq səviyyəsi deyil, səhvsiz bir perfomansdır. Belə nəticələr hər il az və ya çox istiqamətdə dəyişə bilər.
Ümumiyyətlə, daha dərin səbəbləri var. Son illər tapşırıqların keyfiyyəti müsbət mənada dəyişib. Belə ki, son illər imtahanlar daha çox analitik düşünmə, məntiq, tətbiq etmə bacarığı tələb edir.
Əgər suallar əzbərdən uzaqlaşırsa, bu, avtomatik olaraq maksimum nəticə göstərənlərin sayını azaldır. Bu, əslində müsbət tendensiyadır. Çətinlik balansına gəldikdə isə əgər bu imtahan digərləri ilə müqayisədə çətin olubsa, bu da təsir edir.
Ancaq sistem elə qurulub ki, ümumi nəticələr kəskin şəkildə çökmür. Yəni sadəcə çətinlik artdığı üçün hamı aşağı bal almır. Qiymətləndirmə mexanizmində ciddi problemin olması ehtimalı çox azdır. Çünki cavablar standartlaşdırılmış şəkildə yoxlanılır və texniki səbəblər geniş miqyasda təsiredici səviyyədə olmur.
Reallıq odur ki, bir çox şagird hələ də testə şablon kimi yanaşır. Ancaq imtahan dəyişəndə hazırlıq eyni qalırsa, maksimum nəticə əldə edənlərin sayı azalır. Bu vəziyyətdə daha çox imtahanların keyfiyyətcə dəyişməsi və hazırlıqla imtahanın tələbləri arasında uyğunsuzluqla bağlıdır.
Yalnız “imtahan çətin idi”, “mexanizm səhv idi” demək də doğru deyil. Bunlar yanlış anlayışdır".
Bugünlərdə imtahandan yalnız iki nəfərin 300 bal toplamasına gəldikdə, ekspert fərqli düşünür:
"Digərlərinin 290, 295 toplaması ciddi bir dəyişiklik deyil. Onlar da elə 300 bala bərabərdir. Bəzən deyirlər ki, ballar enəcək. Səbəb onu göstərirlər ki, ötən ildən fərqli olaraq bu il 300 bal toplayanların sayı azdır. Həmin statistika ilə balların enməsi və qalxmasını müəyyən etmək olmur”.
Təhsil üzrə ekspert Məzahir Məmmədli isə bildirib ki, ictimaiyyət sosial şəbəkələr üzərindən geniş müzakirələr açıb və, imtahan sualları çətin olduğunu bildirib:
"Son iki ili müqayisə etsək görərik ki, həqiqətən çox çətin olub. 2023-cü ildə pandemiyadan sonrakı dövr olduğuna görə, ümumiyyətlə, yüksək nəticə göstərən olmadı. 2024-cü ildə bu rəqəm 55 nəfərə gəlib çatdı. 2025-ci ildə isə onların sayı 44 nəfərə düşdü.
Bu il isə ilkin statistikaya görə, 2 nəfər yüksək nəticə göstərib. Düşünmürəm ki, cəmi 1-2 il ərzində tədrisdə bu qədər zəifləmə olub. Sadəcə olaraq burada artıq imtahan sualının qoyuluşundan, tərtibatından söhbət gedə bilər ki, bu da geniş müzakirəyə səbəb oldu.
Açıq tipli sualların qoyuluşunda məntiqə əsaslanan və mətnin geniş tərtib olunması, abituriyentlər arasında ümumi vaxt itkisinə səbəb olmuşdu ki, bu da nəticələrə böyük təsir etdi.
Ümumiyyətlə, DİM-in imtahanlarının tərtibatı zamanı nədənsə daha çox çaşdıran, məntiqə söykənən suallar, bir sözlə, nəyin bahasına olursa-olsun abituriyenti sıxışdırmaqla uğurlu nəticə əldə etməmək kursu götürülüb.
Yaxşı olardı ki, bu suallar gündəlik tədrisin mahiyyətinə uyğun qurulardı. DİM-in özünün vəsaitləri var ki, bütün sualların tərtib olunması vəsaitlərə uyğunlaşdırılır.
O vəsaitləri əldə edə bilməyən abituriyentlər ürəkaçan nəticəni əldə edə bilmirlər. DİM heç olmasa, blok imtahanlarında bu gərginliyi nəzərə alsa, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə bağlı ümumi mənzərə ürəkaçan ola bilər.
Ancaq indiki kimi tərtib olunsa, yəni vaxtaparan suallar qoyulsa, gərginlik blok imtahanlarında da müşahidə olunacaq”.










