ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Kristofer Uayton İran ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, o, "Vesti"yə verdiyi müsahibədə ölkəsinin nüvə silahından istifadə edə biləcəyini deyib. Uayton bildirib ki, regionda davam edən münaqişə daha surətlə mənfi istiqamətdə inkişaf edərsə, ABŞ İrana qarşı nüvə silahından istifadə etməyi nəzərdən keçirə bilər.
Onun sözlərinə görə, belə bir ağır qərar verilsə, Tehrandan təxminən 140 kilometr cənubda yerləşən Qum şəhəri potensial hədəf ola bilər. Bununla belə, ABŞ-ın keçmiş rəsmisi onu da qeyd edib ki, hazırda İran paytaxtı kimi böyük şəhərlərə kütləvi hücumlar nəzərdə tutulmayıb.
Xatırladaq ki, aprelin 24-də ABŞ prezidenti İrana qarşı nüvə silahından istifadə ehtimalının olmadığını demişdi. O, bu silahın dünyada heç kim tərəfindən istifadə edilməməli olduğunu bildirib.
O, nüvədən istifadə ehtimalına dair suala belə cavab verib: "Xeyr. Bu silaha niyə ehtiyacım olsun ki? Necə də axmaq sualdır. Niyə nüvə silahından istifadə etməliyəm?!".









