Xalq artisti Rasim Balayevin vəfatından sonra onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin kim olacağı müzakirə edilir.
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov bildirib ki, qurultay Rasim Balayevin 40-ı çıxandan sonra olacaq.
Onun sözlərinə görə, hazırda konkret namizədlər barədə danışmaq tezdir:
“İttifaqın təxminən 300-ə yaxın üzvü var. Onlardan 120-130 nəfər iştirak etsə, qurultay baş tutmuş hesab olunacaq. Orada bütün ittifaq üzvləri bərabər hüquqlarla istədikləri halda namizədliklərini irəli sürə biləcəklər.
Açıq səsvermə yolu ilə sədr seçiləcək. Sədr seçildikdən sonra İdarə Heyəti də yenidən səsvermə ilə formalaşdırılacaq. Kim kimi irəli sürəcək, kim kimə səs verəcək, bunu indidən demək doğru deyil.
Amma çalışacağıq ki, kinoya xeyir verə biləcək bir şəxs seçilsin. Bu insanın şəxsiyyəti olmalı, dövlət tərəfindən tanınmalı və milli ruhu yüksək olmalıdır.
Çünki kino dövlət qayğısı olmadan yaşaya bilməz, bu, dünyanın hər yerində belədir. İnşallah, sağlıq olsun, indidən danışmaq artıqdır, amma hər halda mənim də namizədim olacaq”.
Şeyx Əbdül sədrliyə namizəd olmayacağını vurğulayıb:
“Birmənalı şəkildə deyirəm ki, mən namizəd olmayacağam. Buradan bunu elan edirəm. Amma çox böyük ehtimalla mənim dəstəklədiyim namizəd daha üstün olacaq və hesab edirəm ki, o, səsvermədə üstünlük qazanacaq.
Çünki mənim düşüncəm kinodur. Bu gün kino yalnız dövlət səviyyəsində dəstək almalıdır, kinostudiya bərpa olunmalıdır. Bunun üçün də dövlət yanında nüfuzu olan, cəmiyyətdə, teatr və kino mühitində tanınan bir şəxs lazımdır ki, həm onun şəxsiyyəti, həm də sədrliyi üst-üstə düşsün və biz kinomuzu xilas edə bilək.
Namizədimi açıqlaya bilmərəm. Çünki bu, qurultayın gedişatına təsir kimi qiymətləndirilə bilər və yolverilməzdir. May ayına az qalıb, gözləyək. Qurultay mayın 10-15-i aralığında keçiriləcək”.
Xalq artistinin sözlərinə görə, hazırda əsas məsələ şəxslər deyil, Azərbaycan kinosunun vəziyyətidir:
“Bu gün fərdi şəkildə kiminsə haqqında düşünmək gülməlidir. Bu gün əsas düşünüləsi, köməyə ehtiyacı olan, dövlət səviyyəsində dəstək veriləsi bir şey var, oda kino. Mənim heç bir şəxsi marağım yoxdur, yeganə marağım kinodur.
Hazırda kinostudiya ciddi ehtiyac içindədir və dəstəyə ehtiyacı var. Özünü kinoda hesab edən, kino hesabına tanınan hər kəs kinoya dəstək olmalıdır. Bunun üçün də şəxsiyyətli, dövlət səviyyəsində tanınan bir rəhbər seçilməlidir ki, qarşıya qoyulan işləri həyata keçirə bilək”.








