Cəmi bircə ciddi mahnısı belə olmayan Aqşin Fatehin sevilməsi, dinlənilməsi həqiqətən də qəribədir.
Deyərdim, Aqşin Fatehin ifa etdiyi bütün kədərli mahnıların hamısı gülməlidir.
Məsələn, bir insan kədərlənəndə açıb onun qəmli mahnılarını dinləyib gülə və beləcə özünə gələ bilər. Təkcə onun mahnılarını dinləməmək üçün belə bu həyatda xoşbəxt olmağa dəyər.
Onun hazırda daha çox məşhur edən mahnılara baxanda adamı dəhşət bürüyür.
Nəinki mahnıları, hətta mahnılarının adları da gülməli, bayağıdır.
Məsələn, “Barama”, “Yarəm”.
Hələ biri də var, “Şəkillərdə gülən qadın”.
Yox bir, “üç ayın gəlininin gözlərindəki kədər”.
Ümumiyyətlə, Aqşin Fatehin mahnıları daha çox anası hələ qaşını almağa icazə verməyən 10-cu sinif qızlarına və ərinin gəzdiyini bilsə də, heç nə deyə bilməyən, dərdini içində yaşayan kədərli gəlinlərə hesablanıb.
Bu mahnıların təsir müddəti məktəbli qızlar universitetə daxil olub qaşlarını alana, əri gəzən kədərli gəlinlər isə boşanana qədərdir.
Dünyada ən çox bayağı mahnı oxuyan müğənnilərin yarışı keçirilsə, Aqşin Fateh ilk sırada yer tutar. Çünki Azərbaycanda onun kimi, onun qədər bayağı oxuyan ikinci bir adam yoxdur. Bu mənada, elə həmin siyahısının ikinci, hətta üçüncü yerini də Aqşin Fateh özü tutar.
Biri var, ortaya son illər çıxıb bayağı mahnılarla məşhurlaşasan, biri də var, əzəldən, sənətə ilk qədəm qoyan gündən bayağılıq donuna bürünəsən. İllər əvvəl çox məşhur olan “Haram olsun”, “Get səni tapşrıram Allaha” kimi ucuz bayağı mahnılar da buna sübutdur. Onun bayağılığı təkcə mahnılarda yox, elə o mahnılara çəkdiyi kliplərə qədər genişliyə malikdir.
Üstəlik, yeganə müğənnidir, demək olar, indiyə qədər olan bütün tərəf müqabilləri də özü kimi olan adamlar olub.
Aqşin Fatehin ümumi obrazı da sevilməyəcək obrazdır. Nədənsə, o, özünü həmişə “cayıl qaqaş” kimi göstərməyə çalışıb.
Öz aləmində çox ciddi, ağır oturub batman gələn, şoudan uzaq adamdır. Onu daim altı boş bir eqoizm, “mən bu dünyaya sığmıram” ədası izləyir.
Ancaq problem ondadır ki, bu “sığmamaq” hissi çox vaxt dərinlikdən yox, səthi dramatizmdən qidalanır.
Elə bilirəm, o, hər gün güzgünün qabağında dayanıb “bu dəfə qaşımı neçə dərəcə çatım ki, daha sərt görünüm?” deyə fikirləşir.
Musiqi elə bir şeydir ki, sənət adamın içində ya sükut yaradır, ya da qasırğa. Aqşin Fateh mahnıları da heç adicə bir meh də əsmir.
Onun mahnıları insanın düşüncəsində də, içində də heç nə dəyişmir. Adamın bir neçə dəqiqə boş yerə vaxtını alır.
Onun mahnılarını sona qədər dinləmək sevməkdən yox, insanın özünün səbrini sınamaqdan irəli gəlir. Qoşursan mahnını, başlayırsan qulaq asmağa ki, görüm, dişimi-dişimə sıxıb hara qədər dinləyə biləcəm?
Aqşin Fateh sənətdə özünü hər nə qədər dağ kimi göstərmək istəsə də, hər dəfə qum kimi dağılır.
Bəlkə də, onda hansısa bir formada sənətkarlıq olsaydı, nələrəsə göz də yummaq olardı.
Ancaq onun mahnılarında elə bir təkrarçılıq var ki, sanki hər yeni mahnı əvvəlkinin bir az başqa sözlərlə təkrarından ibarətdir. Eyni intonasiya, eyni dramatik pauzalar, eyni “yanıram”, “bitirəm”, “öldüm” ritorikası.
Ancaq hazırda onun ifasında kədər belə dekorativdir. Sanki vitrin üçün hazırlanmış bir hissdir. Dinləyirsən, amma təsirlənmirsən. Baxırsan, amma görmürsən, qulaq asırsan, amma yadda qalmır.
Bir sözlə, Aqşin Fatehin mahnıları insanın hiss etmə qabiliyyətini zəiflədir.
Orxan Saffari










