Ermənistanın silah və hərbi texnika əldə etməsi beynəlxalq tərəfdaşlar tərəfindən bir sıra səbəblərə görə rədd edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə yayımladığı təbrik mesajında bildirib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar satılan silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda istifadə edilməyəcəyinə əmin ola bilməyiblər.
Baş nazir həmçinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvülüyünə də toxunub:
"KTMT üzvləri 2022-ci ilin sentyabr ayı vəziyyətinə görə Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək öhdəliklərini yerinə yetirməkdən imtina ediblər. Onlar həmçinin yüz milyonlarla dollar dəyərində silah və texnika tədarükünü təmin etməyiblər, halbuki Ermənistan bu ödənişləri artıq etmişdi".









