Kommersant.az xəbər verir ki, əsas vəzifəsi ölkəni qazlaşdırmaq olan Azəriqaz bu il ərzində vəzifəsini yerinə yetirə bilmir. Qışın oğlan çağında insanları soyuğa məruz qoyan dövlət qurumu qaz sayğaclarının plastik kartlarında yaranan problemi ya həll etmir, ya da həll etmək istəmir. Qaz sayğacının plastik kartına ödəniş etmək istəyən vətəndaşların əməliyyatı uğursuz olur. Ödəniş edən vətəndaşlar isə vəsaitin karta köçürülmədiyini görür. 3 gün pulu alan, xidmət də göstərməyən Azəriqaz İB-nin əhalidən üzr istəmək kimi niyyəti də yoxdur. Əslində bu, başa düşüləndir. Ölkədə vəzifəsini yerinə yetirməyən və ya yetirə bilməyən hər hansısa dövlət qurumunun üzr istədiyini görməmişik. Bu mədəniyyət hələ də ölkəmizdə formalaşmayıb. İl olub 2026 “gündə yeni bir kart” istifadəyə verən Azəriqaz texnologiyadan geri qalıb.
Sosial şəbəkələrdə kifayət qədər video var ki, kartlı sayğaclar köhnə sayğaclarla əvəz edilir. Ənənəvi üsulla borcun yerində qəbz vasitəsilə abonentə vermək kimi köhnə bir üsula geri qaytarılır. 2026-cı ildə dünya şirkətləri qabağa getdikcə bizim qazımızı satan yerli və milli qaz şirkətimiz “50 il əvvələ qayıdır”.
Gürcüstanda erməni kilsələrinə pulsuz qaz verən hökumətimiz öz ölkəsində vətəndaşını qış fəslində qazsız qoymaqdan niyə narahat olmur?
Əminliklə deyə bilərəm ki, Azəriqazın baş direktoru Azər Məmmədovun evindəki istilik kifayət qədər yaxşıdır. Amma əhalinin evindəki istilik 3 gündür dişləri titrədəcək qədər aşağıdır. Burada da “toxun acdan nə xəbəri?” atalar sözü tam yerinə düşür. Əslində insanların istədiyi qeyri-adi bir şey yoxdur: "Pulumuzu almısan, qazımızı ver. Qazı vermirsənsə, o zaman pulumuzu ver".
Ödəniş edən vətəndaşlar boş kartları əlində saxlayıb “axşam ödənişinizi kartınıza bərpa edərsiniz” ümidi ilə evlərini isitməyə çalışmağa davam edir.








