ABŞ Prezidenti Donald Tramp dünən beş Orta Asiya ölkəsinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini Ağ Evdə toplayıb. Görüşdən əvvəl “Reuters” məlumat yayıb ki, Vaşinqton onilliklərdir Rusiyanın dominantlığı altında olan və Çinlə getdikcə daha çox əməkdaşlıq edən regionda mövqeyini gücləndirməyə çalışır. Təxminən 84 milyon əhalisi olan Orta Asiyada uran, mis, qızıl, nadir torpaq elementləri və digər strateji ehtiyatların əhəmiyyətli hissəsi var.
Görüş bu resurslara çıxış uğrunda artan rəqabət fonunda keçirilib. Qeyd olunub ki, Qərb Moskva və Pekindən asılılığı azaltmaqla vacib xammal tədarükünü şaxələndirməyə çalışır. Xüsusilə, ABŞ strateji mineralların çıxarılması və emalı, enerji və geosiyasi rəqiblərini keçməyə imkan verən nəqliyyat marşrutları sahəsində yeni tərəfdaşlıqlar axtarır.
2015-ci ildə yaradılan C5+1 formatı ABŞ və beş Orta Asiya dövlətini iqtisadi, enerji və təhlükəsizlik məsələlərində əməkdaşlığı inkişaf etdirmək üçün bir araya gətirir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Qreyslin Baskaranın sözlərinə görə, Tramp administrasiyası təkcə hökumətlərarası təşəbbüsləri deyil, həm də ABŞ-a regionun ən vacib resurslarına çıxışı təmin edəcək kommersiya layihələrini irəli sürmək niyyətindədir: "Vaşinqton strateji layihələr vasitəsilə təsir imkanları axtarır".
Ötən həftə ABŞ dövlət katibinin müavini Kristofer Landau regiona səfər edib. O Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatları olan Qazaxıstan və Özbəkistana gedib. Astanada Landau enerji, vacib minerallar, nəqliyyat və logistika sahələrində tərəfdaşlığın inkişafını müzakirə etmək üçün Prezident Kasım-Comart Tokayevlə görüşüb. Qazaxıstan qlobal istehsalın təxminən 40%-ni təşkil edən dünyanın ən böyük uran istehsalçısı olaraq qalır.
Dövlət Departamentinin Mətbuat Xidmətinin məlumatına görə, Daşkənddə o iqtisadi və təhlükəsizlik məsələləri üzrə danışıqlar aparıb. Özbəkistan sənayedə ilk beşlikdədir. Bu ölkələr birlikdə ABŞ-ın nüvə enerjisi sənayesi üçün əsas resurs olan qlobal uranın yarısından çoxunu təmin edir. Rusiya da öz növbəsində ABŞ-ın uran idxalının təxminən 20%-ni təmin edir.
Administrasiya həmçinin Amerika şirkətinin “Cove Capital” şirkətinə Qazaxıstanda yerləşən dünyanın ən böyük işlənməmiş volfram yataqlarından birinə giriş imkanı vermək üçün danışıqlarda iştirak edir. Şirkət həmçinin Özbəkistan Mədən Nazirliyi ilə perspektivli ərazilərdə geoloji kəşfiyyat aparmaq üçün müqavilə imzalayıb.
2025-ci ildə Özbəkistan Hava Yolları 8 milyard dollardan çox dəyərində “Boeing 787 Dreamliner” təyyarəsinin alınması üçün indiyə qədər ən böyük müqaviləsini imzalayıb. Qazaxıstan da öz növbəsində Amerikanın “Wabtec” korporasiyası ilə 4,2 milyard dollarlıq dəmir yolu müqaviləsi imzalayıb.
Proseslər bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun maraqlı yanaşması var. Analitik qeyd edib ki, ABŞ Prezidenti Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə strateji mineral ehtiyatlarla bağlı sazişlər əldə etdikdən sonra diqqətini Orta Asiyaya yönəldib: “Vaşinqtondakı müzakirələrin əsas mövzusu ABŞ-ın Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış imkanları olub. Hazırda bu sahədə regionda əsasən iki oyunçu - Çin və Rusiya var. Buna baxmayaraq, Vaşinqton rəqabətdə geri qalmaq istəmir. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında saziş imzalanıb. Özbəkistanın yaxın üç ildə ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar təşkil edəcək. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi açıqlanıb. Saziş aviasiya, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarını əhatə edir. ABŞ Qazaxıstan uranının nəqlinə də maraq göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda elan edib ki, ölkəsi “İbrahim sazişinə” qoşulur. Vaşinqtonun hazırladığı saziş müxtəlif müsəlman ölkələrinin İsraillə tərəfdaşlıq münasibətlərini gücləndirməsini nəzərdə tutur. Bu, Trampın xarici siyasətdə növbəti uğuru sayıla bilər”.
2Vaşinqtondakı görüşdə Mərkəzi Asiyadan keçən Orta Dəhlizin perspektivi də müzakirə olunub. Mərkəzi Asiya neft və qaz ehtiyatları ilə yanaşı, nadir torpaq metalları ilə də zəngindir. ABŞ üçün bu resursları nəql etmək strateji əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Çin nadir torpaq metalları ixracına məhdudiyyətlər qoyduqdan sonra ABŞ-Çin münasibətlərində yeni gərginlik yaranıb. Hazırda Çin bu bazarın 70 faizini hasilat, 90 faizini emal, 93 faizini isə maqnit istehsalında idarə edir. Öz növbəsində Mərkəzi Asiya ölkələri nadir torpaq metallarını ABŞ-a nəql etməyə hazırdılar. Vaşinqton eyni zamanda, Orta Asiyadakı böyük volfram yataqlarına da maraq göstərir. Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev isə bu metalları “yeni neft” adlandırıb. Qazaxıstan 20 milyon tondan çox yeni nadir torpaq ehtiyatı aşkar etdiyini açıqlayıb. Təsadüfi deyil ki, ABŞ-ın Qazaxıstandakı səfiri Culi Staftın sözlərinə görə, ABŞ-ın ehiyac duyduğu nadir torpaq metallarının az qala yarısı çalışdığı ölkənin ərazisindədir”, - Mərkəz rəhbəri qeyd edib.
“Bu arada, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 500 milyon dollarlıq nadir torpaq layihələri elan etməsi də diqqəti çəkib. Bu rəqəmlər təsdiqlənərsə, Özbəkistan bu sahədə Çin və Braziliyadan sonra üçüncü yeri tutacaq. Mərkəzi Asiya ölkələri Vaşinqtonla siyasi və iqtisadi əlaqələri gücləndirməklə Çin və Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağı planlaşdırırlar”, - əlavə edib.
Politoloq deyib ki, Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatını 2015-ci ildə təsis edib: “Ancaq Vaşinqton bu illərdə 5+1 formatı çərçivəsində hədəflərini tam müəyyənləşdirməmişdi. Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra bu formatı gücləndirməyə qərar verib. Bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq. Vaşinqtonun Mərkəzi Asiyadan idxal etməyi planlaşdırdığı məhsullar məhz Azərbaycan üzərindən nəql olunacaq. Buna görə də Tramp administrasiyası üçün 5+1 formatında görüşdən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflamaq və “Tramp yolu”nun anonsunu elan etmək vacib idi. Aydındır ki, Moskva və Pekin Vaşinqtondakı sammiti və əldə olunan nəticələri analiz edəcəklər. Moskva və Pekin müxtəlif vasitələrlə Vaşinqtonun planlarına mane olmağa çalışacaqlar. Çin Mərkəzi Asiyanın resurslarına daha çox yiyələnmək üçün bölgə ölkələrinə əvvəlkidən daha münasib kreditlər təklif edəcək. Odur ki, ABŞ da Mərkəzi Asiya ölkələrinə yatırımları artırmağa məcburdur”.
“Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulan daha bir istiqamət var. Avropa İttifaqı da Mərkəzi Asiyanın resurslarından faydalanmağa çalışır. Təsadüfi deyil ki, son illərdə Avropa İttifaqı rəsmilərinin və birliyə daxil olan ölkə liderlərinin Mərkəzi Asiya dövlətlərinə səfərləri artıb”, - Şahinoğlu fikrini tamamlayıb.
AYNA.az













