“Vahid əmi həm ürəyindən əməliyyat olunmuşdu, həm də ciyərlərində problemlər var idi. Uzun müddət idi müalicə alırdı. Ara-sıra xəstəxanada yatdı. Demək ki, qismətində 73 yaşında dünyadan köçmək də var imiş. Dünən günorta saatlarında gözlərini əbədi olaraq bu dünyaya yumdu. Jurnalistlər gəlmişdilər ki, ona sürpriz etsinlər. Vahid müəllimin həyatının müxtəlif illərini özündə əks etdirən portret də gətirmişdilər. Elə qapıdan yeni içəri girmişdilər ki, Vahid əmi onlara baxdı və gözlərini yumdu. Bundan böyük acı yoxdur. Nə onların gətirdiyi portreti gördülər, nə də suallara cavab verdi”.
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib.

O bildirib ki, dünyasını dəyişən əməkdar artist xalasının həyat yoldaşıdır:
“Vahid müəllim ola bilər ki, efirlərdə emosional olsun, amma o qədər gözəl ürəyi var idi ki. Onun qədər mehriban insanlar həyatda çox azdır. Jurnalistlər bilirdilər ki, səhhəti pisdir, ona görə gəlmişdilər. Biz gözümüzü açandan onu ailəmizin başında, evimizdə görmüşük. Hər zaman da bizə gözəl məsləhətlər verib. Atamla da münasibəti çox yaxşı idi. Saatlarla söhbət edərdi, gözəl məsləhətlər verərdilər. Mənim anamgil 5 bacı olublar, qardaşları olmayıb. Vahid əmi də ən böyük xalamın həyat yoldaşı idi. Həmişə də bizə deyirdi ki, “sənin xalan mənimlə ailə həyatı quranda bacıları balaca idi, mən onlara qardaş olmuşam”. Onun haqda keçmiş zamanda danışmaq çox çətindir” deyə sənətkarın qohumu bildirib.
Qeyd edək ki, əməkdar artist bu saat 13:00-da Badamdar qəbirstanlığında dəfn ediləcək.
















