Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşü hazırlıq tələb edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Lavrovla Rubionun görüşünün təxirə salınması ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.
“Razılaşmamış bir şeyi təxirə sala bilməzsiniz. Biz dünən bəzi Qərb mənbələrinin yazdıqlarını təsdiq etməmişik. Belə bir təmasın vaxtı və yeri ilə bağlı heç bir razılığımız olmayıb. İdeya olaraq, bu görüş mövcuddur. Əlbəttə ki, bu, böyük əhəmiyyətə malikdir. Amma məhz belə bir hadisə böyük əhəmiyyətə malik olduğu üçün hazırlıq tələb olunur. Biz bunun üzərində işləyirik. Dünən nazir bu barədə dövlət katibi ilə telefon danışığı aparıb”, - Ryabkov əlavə edib.