Vaxtaşırı Azərbaycanda iqtisadi göstəricilər və beynəlxalq bazarlardakı vəziyyət fonunda manatın dəyərinin azalacağı ilə bağlı ehtimallar gündəmə gəlir. Bu ehtimallar vətəndaşlar arasında çaşqınlıq və narahatlıq yaradır. Bəs əslində devalvasiya ehtimalı nə qədər realdır və ölkə iqtisadiyyatı buna hazırdır?
Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycanda devalvasiya yaxın üç il ərzində hökumət tərəfindən proqnoz edilmir.
Onun sözlərinə görə, manatın dollarla münasibətləri 2029-cu il də daxil olmaqla indiki səviyyədə nəzərdə tutulub və dəyişməyəcəyi planlaşdırılır. Hökumətin proqnozu bundan ibarətdir. Ona görə də yaxın müddətdə devalvasiya kimi halların baş verməsi gözlənilmir.
Ekspert qeyd edib ki, hər şey dünya iqtisadiyyatının vəziyyətindən asılıdır:
“Xüsusilə Azərbaycanın dövlət gəlirləri enerji resurslarından asılı olduğundan, neftin dünya bazar qiymətləri böyük rol oynayır. Əgər heç bir fövqəladə vəziyyət yaranmasa, hökumətin planına uyğun olaraq, yaxın üç il ərzində manatın dollara qarşı dəyəri təxminən 1 manat 70 qəpik səviyyəsində qalacaq.
Lakin əgər neftin qiyməti ilə bağlı ciddi dəyişiklik baş verərsə, məsələn, qiymət uzun müddət üçün 50 dolların altına düşərsə, manatın dəyərinin müəyyən qədər aşağı düşməsi mümkündür. Bununla belə, hələlik belə bir vəziyyətin baş verməsi ehtimalı yüksək deyil”.
Qeyd edək ki, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.