“Dünən İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən “Peşəfest” tədbirinə qatıldım və ciddi hörmətsizlik gördüm. Tədbirin əsas təşkilatçısı Dövlət Məşğulluq Agentliyi idi. Yer çox darısqal və keçilməz olsa da normal təşkil olunmuşdu. Məni israrla dəvət etmişdilər. Hələ ki, icra hakimiyyəti və Məşğulluq Agentliyi ayırd edə bilmir ki, məni kim dəvət etmişdi”.
Bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev bildirib:
“Yeri gələndə heç, kimin dəvət etdiyinin dəxli də yoxdur. Deputat fiziki olaraq gözünüzün önündədir, sizə başqa nə lazım idi?
Mən bunu özümə qarşı yox, öz timsalımda dövlətin ali orqanına qarşı hörmətsizlik kimi qəbul edirəm. Sevdiyim rayonuma getdim, xəstələrə baş çəkdim, yas məclislərində oldum, evləri ziyarət etdim, seçicilərimlə qaynayıb-qarışdım. Amma, unudulmaz hörmətsizliyiniz mənə yox, sizlərə söz gətirəcək və təəssüf ki, mənim də yaddaşımda qalacaq.
Yeri gəlmişkən, qeyd etməliyəm ki, məni görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşdülər və tədbir başlamazdan öncə məni bir neçə stendlə də tanış etdilər”.
Deputat qeyd edib ki ,bir çox dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl təşkilatlar deputatı israrla dəvət edirlər, sonra isə nə protokol gözləyirlər, nə diqqət göstərirlər, nə də qabiliyyətlə qəbul edə bilərlər.
“Şəxsən mənim buna ehtiyacım yoxdur, çünki iştirakçıların, qonaqların hörmətini hər zaman görürük və bu şəxsən mənə kifayətdir.
Söhbət deputatın timsalında Milli Məclisə qoyduğunuz hörmətdən gedir. Mənim xoşum gəlməyən məmurlar da var, içərisində fəaliyyətindən narazı qaldığım yüksək post tutanlar da var, amma mən onlara böyük hörmətlə yanaşıram. Protokolu da gözləyirəm və lazımi diqqəti də göstərirəm.
Çünki, onlar dövləti təmsil edirlər. Mən dövlətimə hörmət və izzətlə yanaşıram. Bu qədər”.