Təhsil eksperti Elçin Efəndi son dövrlərdə Azərbaycan təhsil sistemində baş verən dəyişikliklər və gələcək planlarla bağlı müsahibə verib.
Tanınmış ekspert “Künc-Bucaq” YouTube” kanalına verdiyi müsahibəsində bildirib ki, texnoloji alətlərin təhsil prosesinə inteqrasiyası sürətlə artır, lakin hələ də bəzi bölgələrdə və məktəblərdə maddi-texniki infrastruktura ehtiyac qalır.
“Müasir dövrün çağırışlarına cavab olaraq, hər birimiz texnoloji alətləri dərindən mənimsəməliyik. Təəssüf ki, bu prosesə hazır olmayan məktəblər hələ də var,” – deyə Elçin Efəndi bildirib.
Ekspertlərin sözlərinə görə, məktəblərdə rüşvət hallarının kökündə yalnız müəllimlər və ya idarəçilər deyil, həm də valideynlərin yanaşması dayanır. Onlar övladlarının qiymət və nailiyyətlərini asan yolla təmin etməyə çalışaraq bu mənfi ənənəni davam etdirirlər.
O, distant təhsilin şagirdlərin öyrənmə keyfiyyətinə təsirinə də toxunub. Ekspertin sözlərinə görə, distant təhsil ilk dövrdə müəyyən çətinliklər yaratsa da, tədricən şagirdlərin və müəllimlərin təcrübəsi formalaşır və bu təhsil forması daha rahat və əlçatan olur.
Müəllimlərin sertifikasiya prosesində 7,3 faizinin uğursuz olduğunu qeyd edən Elçin Efəndi bildirib ki, məqsəd müəllimləri işdən çıxartmaq deyil, təhsil keyfiyyətini artırmaqdır. O, həmçinin saxta diplomlar məsələsinə də diqqət çəkib və bildirib ki, dövlət artıq bunun qarşısını almaq üçün ciddi addımlar atır.
Ekspert vurğulayıb ki, ali təhsildə qəbul prosesində aşağı balla daxil olanların sayı artsa da, bu, diplomlu, lakin peşə baxımından savadsız şəxslərin sayının artmasına səbəb olur. O, peşə və orta ixtisas təhsili alan gənclərin əmək bazarında daha effektiv fəaliyyət göstərə biləcəyini bildirib.
Elçin Efəndi rus bölmələri, xarici dillərin tədrisi və şagirdlərin valideyn təsiri məsələlərinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaşın təhsil hüququ təmin olunmalı, ana dili ilə yanaşı əlavə xarici dillər də öyrənilə bilər.
“Valideynlərin övladlarının təhsilinə dəstək olması vacibdir, lakin bu, müəllimin müstəqil fəaliyyətini məhdudlaşdırmamalıdır. Təhsil prosesi və müəllimlər üçün şəffaf və dayanıqlı mexanizmlər qurulmalıdır,” – deyə ekspert bildirib.
O, həmçinin müəllimlərin əmək haqqının artırılması və təhsil müəssisələrində pul yığılması halları ilə bağlı tədbirlərin görülməsini vurğulayıb.
Ekspert qeyd edib ki, Təhsil Nazirliyinin məqsədi müəllimlərin peşəkarlığını artırmaq, şagirdlərə daha keyfiyyətli təhsil vermək və texnoloji yenilikləri dərs prosesinə inteqrasiya etməkdir.