Rusiya Siyasi Mədəniyyət Fondunun eksperti, politoloq Andrey Areşev Ermənistan və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul edilməməsi, habelə Bakı ilə Moskva arasında son gərginliklər barədə danışıb.
Musavat.com xəbər verir ki, bu barədə o, fikirlərini erməni mediası ilə bölüşüb.
Ekspert qeyd edib ki, ŞƏT sammiti effektiv dialoq platforması olsa da, təşkilatın genişlənməsi məsələsinə ehtiyatla yanaşılır:
“Bir sıra dövlətlər hesab edir ki, ŞƏT əvvəlcə mövcud nüvəsi – Çin, Rusiya, Orta Asiya respublikaları, eləcə də Pakistan və Hindistan – çərçivəsində sabitləşməli, yeni üzvlər qəbul etməklə daxili ziddiyyətlər artırılmamalıdır. Məhz bu səbəbdən Azərbaycan və Ermənistanın üzvlüyü ilə bağlı gəzən şayiələr təsdiqini tapmadı”.
Areşevin sözlərinə görə, Azərbaycan mediasında Rusiyanın və Hindistanın Bakının üzvlüyünü bloklaması ilə bağlı yayılan məlumatlar əsassızdır. O, Hindistan tərəfinin məsələyə son qoyaraq “sadəcə vaxt çatmadığını” bildirdiyini söyləyib.