“Artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub, bu, elə bir razılaşmadır ki, reallıqdan da artıqdır”.
Bunu parlamentdəki Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan parlamentdə çıxışında deyib.
Fraksiya rəhbəri bunun avqustun 8-də Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalarla mümkün olduğunu, amma Ermənistan müxalifətinin buna qarşı çıxdığını bildirib:
“Əgər müxalifətin yay tətilini necə keçirdiyi ilə maraqlanırsınızsa, uzun müddət düşünməyə ehtiyac yoxdur, çünki biz həmkarlarımızın yeni heç nə öyrənmədiyini gördük. Yenə həminki köhnə mətnləri səsləndirirlər.
Müxalifətin bu köhnə mətnləri Vaşinqtonda 8 avqust hadisələrindən sonra tam iflasa uğradı.
Əgər 8 avqust olmasaydı, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi və bəyannamə paraflanmazdı. Bu gün Ermənistanda və regionda sülh bərqərar olub, bu da reallıqdan da artıqdır”.
Politoloq Tural İrfan Sherg.az-a deyib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi uğurla davam edir:
"Erməni müxalifəti, əsasən də Rusiyanın təsirində olan fiqurlar prosesə mane olmaq istəsələr də özlərinə dayaq, dəstək tapa bilmirlər. Erməni cəmiyyəti müxalifətə dəstək vermir. Çünki reallığı anlayıb sülhün vacib olduğunu qəbul edirlər. Müxalifətin sülhün qarşısını almaq üçün yalnız təxribatdan savayı əlində təsir vasitəsi yoxdur. Habelə din xadimləri və keşişlərin əli ilə müəyyən müddət ərzində ölkədə diqqət çəkməyə çalışsalar da, Paşinyan hökuməti bunun qarşısını ala bildi. "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbərinin açıqlaması əslində həqiqətin etirafıdır. Ermənistan müxalifəti vaxtilə Rusiya təsirində olan sabiq hakimiyyətin nümayəndələrindən ibarətdir".
Analitik əlavə edib ki, Kremlin Cənubi Qafqazda dayaqlarını itirdiyi ərəfədə Türkiyə faktoru güclənməkdədir:
"Yeni iqtisadi, ticari və digər münasibətlərin inkişafı artıq Ermənistanda müxalifəti əbədi dəfn etməyə doğru gedir. Onların heç bir sosial bazası, daxili dayaqları yoxdur. Mümkün təxribatların qarşısını da hökumət alacaq. Sülhü beynəlxalq hüquq təsdiqlədiyi və bölgədə sabitliyin təminatçısı olduğu üçün Paşinyan hökuməti müxalifəti susdurmaqda heç nədən çəkinməyəcək".