Deputat Bəhruz Məhərrəmovun “arvad” sözünün qanunvericilikdən çıxarıması təklifi rezonans doğurub. Milli Məclisin ötən iclasında deputat Bəhruz Məhərrəmov deyib ki, qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq:
“Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar”.
Qeyd edək ki, deputatın bu təklifinə ziyalısından (Seyran Səxavət) tutmuş müğənnisinədək (Nadir Qafarzadə) bir çoxları “vacib məsələlər olduğu halda “arvad” sözü niyə gündəmə gətirilir” deyə irad bildiriblər.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında əvvəla, bildirdi ki, “arvad” ərəb mənşəli sözüdür. Bu, əslində “övrət” sözüdür ki, klassiklərimizin yaradıcılığında da geniş istifadə olunub, zaman keçdikcə dilimizdə səslənmə forması dəyişərək “arvad” olaraq səsləndirilməyə başlanıb: 
- Mənası, örtülü yerlər, qorunan yerlər, ədəb yerləri deməkdir. Buradan da nəticə çıxır ki, arvad həm də hər bir kişinin mübhəmi və qoruması vacib şəxsdir. Dövrümüzdə bu söz həm də həyat yoldaşı, xanım mənasını verir. Uzun illərdən bəri bu sözü məhz bu şəkildə qəbul etmişik, hətta rəsmi nikah mərasmində də nikaha imza atanlar “ər-arvad” elan edilir, belə də təqdim olunur. Bu sözü indiyədək kimsə özünə qarşı təhqir kimi qəbul etməyib. Nə oldu da, indi birdən-birə “arvad” sözü qəbulounmaz, təhqir kimi sayıldı? Milli Məclisdə müzakirəyə çıxarılası çox məsələlər var. Onları önə salmalıyıq. Ola bilsin, Milli Məclisdə hansısa məsələnin müzakirəzi zamanı hörmətli millət vəkili bu məsələyə də öz mövqeyini ortaya qoyub. Cəmiyyət bu sözü qəbul etmirsə, qadınlarımız qəbul etmirsə, dəyişək. Ancaq, öncə daha vacib problemlərimiz var ki əvvəlcə onları həll etməyə çalışaq. Bu sözü dəyişsək də, cəmiyyətdə əsaslı bir dəyişiklik olmayacaq, ailə-məişət problemlərinin həllinə bu kömək etməyəcək. Sadəcə, “arvad” sözünü başqa bir sözlə əvəz etmiş olacağıq. Ancaq digər, daha vacib məsələlər var, məsələn, dərsliklərimiz, ədəbiyyatımız, mədənyyətimiz, deformasiyaya milli dəyərlərimiz… Dərsliklərdə elə cümlələra rast gəlinir ki, qəbuledilməzdir və bu cümlələr uşağın beyninə həkk olunur. Əvvəl bunlar həll edilsin, sonra “arvad” sözü. Hesab edirəm ki, Milli Məclisdə o məsələlər müzakirəyə çıxarılmalıdır, hansı ki cəmiyyətdə müyyən problemlərin həllinə səbəb olsun. Millət vəkilinin təklifinə sayğıyla yanaşıram. Gələcəkdə əgər məsələhət olarsa, “arvad” sözü dəyişilər, rəsmi sənədlərdən də çıxarılar. “Arvad” sözünü dəyişib həyat yoldaşı etməklə, cəmiyyətdə nəsə dəyişməyəcək. Türkyədə həyat yoldaşına “eş” deyilir”. Gözəl sözdür, bərabərlik deməkdir, həyatı bir insanla yoldaş olaraq başa vurmaq deməkdir. Bizim dilimiz zəngindir. “Arvad” sözünü digər sözlərlə əvəz edə bilərik. Amma bu, vacib məsələ deyil. İkinci, üçüncü dərəcəli işdir. İndiyə qədər elə bir qadınla rastlaşmamışam ki bu sözə mənfi yanaşsın. Həyat yoldaşına “ay arvad” deyə müraciət edən tək-tük olar. Həyat yoldaşına adıyla müracət edirlər, adətən. Məclisdə, cəmiyyət içində də xanım, həyat yoldaşı deyilir. Əgər arvad sözünün qarşılığı varsa dilimizdə, dəyişmək olar. Amma buna görə cərimə tətbiq edilməsini normal hesab etmirəm. Bu sözdən uzun illər, əsrlər istifadə etmişik. Belə çxıır ki, biz uzun illər qadınlarımızı təhqir etmişik?!. Arvad sözü daha çox, kütləvi işlənən zamanlarda qadına bu qədər sayğısızlıq yox idi, nəinki müasir zamanda. Söz münasibətləri və münasibəti əsaslı şəkildə həll etmir.








