Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə ünvanlanan müraciətdə işçinin əmək hüquqlarının aldatma yolu ilə pozulması diqqət çəkir.
Musavat.com xəbər verir ki, Camal Fərman oğlu Bağırov AHİK sədri Sahib Məmmədova ünvanladığı müraciətində bildirir ki, uzun illər Konfederasiyada çalışıb.
Bu il isə Konfederasiyanın Aparat rəhbəri Həsən Cəfərov ona öz ərizəsi ilə işdən ayrılması və digər işlə təmin olunması tələb-xahişi çatdırıb. Camal Bağırov Konfederasiya səlahiyyətlisinin vədinə inanıb və ərizə yazaraq vəzifəsindən ayrılıb. Bundan sonra AHİK-in strukturuna, komitələrdən birinə işə qəbul ediləcəyini gözləyib. Vədlərə inanaraq ərizəsini yazan Camal Bağırov artıq 4 aydır ki, işsizdir və çox çətin duruma düşdüyünü Sahib Məmmədovun diqqətinə çatdırır. Müraciətdə həmçinin qeyd olunur ki, işsiz qalması və maliyyə çətinlikləri onun həyatına ciddi təsir göstərib.
“Hazırda üzərimdə bir neçə kredit öhdəliyi var və onları ödəyə bilmədiyim üçün həm bank, həm də şəxsi münasibətlər baxımından ciddi təzyiqlə üz-üzəyəm. Gərginlik və davamlı stress nəticəsində şəkər səviyyəm ciddi şəkildə yüksəlib və gözlərimdə yaranmış fəsadlar səbəbilə yaxın günlərdə əməliyyat olunmalıyam. Sizdən xahiş edirəm ki, məni işlə təmin edəsiniz”, - deyə Camal Bağırov müraciətində vurğulayır.
Camal Fərman oğlu Bağırov AHİK sədri Sahib Məmmədovdan xahiş edir ki, məsələni şəxsi nəzarətinə götürsün və yaranmış vəziyyətin ədalətli həlli üçün müvafiq tədbirlər görsün. Vətəndaş müraciətində bildirib ki, bütün bunlar onun fiziki və psixoloji vəziyyətinə ciddi təsir edib və məsələ yalnız verilmiş vədin yerinə yetirilməməsi nəticəsində yaranıb. Musavat.com olaraq AHİK rəhbərliyinin mövqeyini də işıqlandırmağa hazırıq və məsələ ilə bağlı rəsmi açıqlamanı təqdim edəcəyik.
Musavat.com