“Uzun illərdən sonra İranda prezident Məsud Pezeşkianın timsalında dövlətçilik ağlı ilə düşünən və danışan şəxs ortaya çıxıb. Hesab edirəm ki, cənab Pezeşkian İranın gələcəyini düşünən və fikirləşən şəxsdir. Onun Azərbaycanla münasibətlər barədə dedikləri həm doğru, həm də məntiqli və əsaslıdır”.
Bunu “Reytinq” qəzetinə Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev İran prezidenti Məsud Pezeşkianın Azərbaycan-İran münasibətləri barədə son çıxışını şərh edərkən deyib.
C. Nuriyevin sözlərinə görə, Azərbaycan prezidenti də ölkəmizin qonşuları ilə sıfır problem arzusunda olduğunu, bunun üçün əlindən gələni etdiyini bildirib.
Professor iddia edir ki, İranda siyasət yürüdən bəzi mollalar nəinki İslamın birliyinə, heç öz dövlətlərinə də xidmət göstərmirlər. Yəni onlar şəxsi maraqlarını güdür və fikirlərini bu maraqlara uyğun səsləndirirlər.
C. Nuriyevin fikrincə, İranda uzun illər Azərbaycana münasibət və siyasət səhv olub, İran rəhbərliyi işğalçı Ermənistanın yanında yer alıb.
Azərbaycan-İsrail münasibətlərinə gəldikdə, C. Nuriyev bildirib ki, bu, iki ölkə arasında normal, beynəlxalq qanunlara əsaslanan əlaqələri nəzərdə tutur və digər ölkələrə qarşı yönəlməyib: “Həm də bizim milli və dövlətçilik maraqlarımız nəyi tələb edirsə, onu da həyata keçiririk. Fars-molla rejimi də doğru siyasət həyata keçirməlidir. Əgər istəmirlərsə, buyurub ermənilərlə əməkdaşlığı davam etdirsinlər”.