Kontakt Home mağazasının Xalqlar Dostluğu filialından mebel alan müştəri ciddi narazılıqla üzləşib.
32gun.az xəbər verir ki, müştərinin sözlərinə görə, mağazada açıq bej rəngində göstərilən divan sifariş edildikdən sonra evə tam fərqli – boz rəngli model göndərilib.
Şikayətçi bildirir ki, vitrindəki modellə evə gətirilən divan eyni model olsa da, onların rəng tonları arasında kəskin fərq var. O, bu fərqin işıqlandırma ilə izah edilə bilməyəcəyini vurğulayıb:
"Mağazada seçdiyimiz divan açıq bej idi, lakin evə gələn divan boz rəngdədir. Mağaza əməkdaşı isə 'projektor işığı ilə bağlıdır' cavabı verdi, bu cavab qəbuledilməzdir. Fotoşəkildə hər şey aydındır."
Müştəri məsələ ilə bağlı düzgün rəngdə mebelin təqdim olunmasını və ya başqa uyğun həll yolunun təklif edilməsini tələb edir. Əks halda, istehlakçı hüquqlarını qorumaq məqsədilə aidiyyəti qurumlara şikayət edəcəyini bildirib.
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.