“Son günlər Azərbaycan mətbuatında davamlı olaraq müəllimlərlə bağlı yazılar gedir. Bölgələrdən birində müəllimə üzük bağışlanması hadisəsi olub. Müəllim qaydalara, qanuna əməl etməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunların müzakirəsi zamanı bildirib.
Millət vəkilinin sözlərinə görə, bizim cəmiyyət müəllimə həddindən artıq yüklənib: “Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdırlar. Müəllim rüşvət almamalıdır, qaydaları pozmamalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi?! Müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır. Hazırkı dönəmdə bizim cəmiyyət müəllimə həddindən artıq yüklənib, müəllim rüşvət ala bilməz, qaydalara əməl etməlidir və s. Davamlı olaraq müəllimin hədəfə alınması, onun tədris prosesindəki fəaliyyətinə, psixoloji durumuna ciddi təsir edir. Son hadisə göstərdi ki, müəyyən təşəbbüslər valideynlər tərəfindən olur, valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır”.
Deputat Elçin Mirzəbəyli həmkarının fikirlərinə münasibət bildirib: “Ceyhun müəllim məktəblərlə bağlı neqativ hadisələrin xüsusi olaraq qabardılmasından danışdı. Məsələnin təhsil tərəfindən olan baxış bucağından danışırıqsa, media tərəfinə də paralel şəkildə yanaşmalıyıq.
Problem həm də müxtəlif məktəblərin özündən qaynaqlanır. Son hadisə ilə bağlı həmin o videonu heç bir media nümayəndəsi çəkməyib, prosesin içində iştirak edən insanlar çəkib və paylaşıblar. Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Biz bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Yəni media tərəfindən sadəcə mövcud olan hadisə üzə çıxıb. Məsələnin hüquqi tərəfləri də var. Bu neqativ hadisələrin baş verməsi istiqamətində hansı hüquqi addımlar atılıb? Yəni mən onun tərəfdarıyam ki, media neqativ hallara yol verirsə, şübhəsiz ki, qanunvericilik çərçivəsində medianın fəaliyyətinin tənzimlənməsi istiqamətində konkret addımlar atılsın.
Amma onu da qeyd etmək lazımdır ki, məktəblər, xüsusilə regionlardakı məktəblər bizim zamanında mübarizə apardığımız reket jurnalistika ilə əməkdaşlıq edir. Əslində bu problemlərin yaranması da ondan ibarətdir. Reket jurnalistikanı yemləyən regionlardakı həmin o şəxslər, məktəb direktorlarıdır. Ona görə də məsələyə hər iki kontekstdən yanaşmaq lazımdır”.