Təhsil sahəsindəkin problemlər həm də müxtəlif məktəblərin özündən qaynaqlanır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, rayonların birində baş verən son hadisə ilə bağlı videonu media nümayəndələri yox, prosesin içində iştirak edən şəxslər çəkiblər, paylaşıblar.
“Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Eyni zamanda rüşvət formasında müəllimə üzük hədiyyə edən insan da məsuliyyət daşıyır. Bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Mediada yalnız mövcud olan hadisənin üzə çıxması yer alıb. Lakin məsələnin hüquqi tərəfləri var. Media neqativ hallara yol verirsə, normativ hüquqi aktlara uyğun olaraq onun fəaliyyəti tənzimlənməlidir və bu problemlərin ortaya çıxması üçün zəmin yaradılmamalıdır. Bu boşluqlar ola-ola xüsusilə regionlarda olan məktəblər bizim daim zamanında mübarizə apardığımız reket jurnalistika ilə çox yaxından əməkdaşlıq edir. Reket jurnalistikanı yemləyən yerlərdəki, regionlardakı həmin şəxslər, məktəb direktorları, təhsil müəssisələrinin rəhbərləridir”, - deyə E.Mirzəbəyli fikrini tamamlayıb.