Ötən gün Rusiya Federasiyası Kalmıkiya Respublikasının Basan Qorodovikov adına Kalmıkiya Dövlət Universitetində "KalmQU - Xalqları birləşdirən dəyər" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitet rəsmiləri xarici tələbələr və rəsmi qonaqlar iştirak ediblər. Ali təhsil ocağının 2-ci kurs magistr tələbəsi Namiq Muradov Qərbi Azərbaycan həqiqətləri haqqında tədbir iştirakçılarına məlumat verərək, ailəsinin və özünün deportasiya və qırğınların qurbanı olması haqqında danışıb. N.Muradov qeyd edib ki, 1988-ci ildə ailəsi öz ata-baba yurdları olan Zəngəzur mahalının Qafan rayonundan zorla deportasiya edilərkən qatarda dünyaya göz açıb. Hazırda Qərbi Azərbaycan məsələsinin insan haqları kontekstində beynəlxalq gündəmin ən önəmli məsələlərindən olduğunu bildirən gənc tələbə Qayıdış Konsepsiyasının müddəları barədə də məlumat verib. Azərbaycanın regiona sülh çağırışından, bu yolda sivil, müharibəsiz və heç bir ərazi iddiasının olmadığı mübarizə xəttindən danışıb. Xatırladaq ki, ötən günlərdə "İrəvan dialoq"unda çıxışı zamanı Ermənistan baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan məsələsinə etirazını bildirmiş, bunu "ərazi iddiası" kimi qələmə vermişdi. Paşinyan "Ermənistan ərazisində Qərbi Azərbaycan ola bilməz" ifadəsini səsləndirmişdi. Halbuki, rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistana "ərazi iddiası" kimi təqdim olunmamalıdır. Çünki söhbət Ermənistan tərəfindən öz dədə-baba torpaqlarından zorla qovulmuş, bir neçə dəfə deportasiyaya məruz qalmış azərbaycanlıların təbii hüquqlarının bərpasından gedir. Burada Ermənistana top-tüfənglə hücumdan söhbət getmir.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, torpaqları 30 il ərzində işğal altında qalan Azərbaycan uzun müddət müdafiə mövqeyində dayandı. Ekspert vurğulayıb ki, ermənilər işğalçılıq siyasətini davam etdirsələr də, şəhər və kəndlərimizin adını dəyişdirsələr də, uydurma "Böyük Ermənistan"dan danışsalar da Azərbaycan səbr və təmkin nümayiş etdirdi:
"Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün illərlə danışıqlara getdik, Ermənistanın işğalçılıq siyasətini pislədik, bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan etdik: "Nəticədə torpaqlarımız 30 ilə yaxın erməni işğalında qaldı. Ondan sonra Azərbaycan Prezidenti diplomatiyamız qarşısında bir vəzifə qoydu və bildirdi ki, biz hücum mövqeyində dayanmalıyıq. Yəni beynəlxalq münasibətlərdə müdafiə olunma taktikasından imtina etməliyik. Açıq şəkildə vurğulandı ki, indiki Ermənistan ərazisində yüz illərlə azərbaycanlılar yaşayıblar, Ermənistan əhalisinin əksəriyyətini təşkil ediblər. O ərazilərdə Azərbaycana məxsus adlar uzun müddət qalsa da, sonradan ermənilər həqiqi adları silərək öz qondarma adlarından istifadə etməyə başlayıblar. Dövlət başçısının bu çağırışından sonra biz tarixi həqiqətləri dilə gətirməyə başladıq. Açıq şəkildə Qərbi Azərbaycandan danışdıq. Öz yurdlarından zorla quvulmuş təxminən bir milyona yaxın soydaşımızın geri qayıtmaq hüququnu dilə gətirdik. Bu gün də Ermənistan ermənilərin Qarabağa kollektiv şəkildə geri qayıtmasından danışır. Təbii ki, bu, bizi narahat edir. Çünki ermənilərin o cür qayıdışı yeni separatizm yuvasının yaranması deməkdir. Ona görə də birmənalı deyirik ki, burada kütləvi köçdən söhbət gedə bilməz. Ermənilər Qarabağa ancaq fərdi şəkildə qayıda bilərlər".
A.Səmədov diqqətə çatdırıb ki, bununla paralel olaraq azərbaycanlılar da Qərbi Azərbaycana qayıtmalı, orada əvvəlki kim kompakt şəkildə yaşamalıdırlar:
"Ermənistanı narahat edən budur və ona görə də bunu "təhlükəli" adlandırırlar. Əslində bizim Qərbi Azərbaycan məsələsini qaldırmağımız Paşinyana da xeyirdir. Paşinyan daim real Ermənistandan danışır. Qarabağa qayıdış məsələsini daha çox revanşistlər, müxalifət gündəmə gətirir. Onlar anlayırlar ki, 10-15 erməninin Azərbaycana gəlməsi bizim üçün elə də problem yaratmayacaq. Yüzminlərlə azərbaycanlının Qərbi Azərbaycanda kompakt yaşamasını Ermənistan özü üçün ciddi risk kimi dəyərləndirir. Lakin bu, bizim hüququmuzdur. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq müstəvidə də ciddi əks-səda doğrurur, qarşılıq görür. Biz xeyli dövlətləri inandıra bilmişik, onlara həqiqətləri çatdıra bilmişik ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı onların haqqıdır. Bu, ərazi iddiası yox, hüquqları pozulan azərbaycanlıların hüquqlarının bərpa olunması deməkdir. Şübhə yox ki, gələcəkdə öz dədə-baba torpaqlarına qayıdan xeyli soydaşlarımız olacaq. Ermənistanla normal münasibərlər formalaşandan sonra qayıdış mümkün hala gələcək. İndiyədək buraxdığımız səhvlər yenidən təkrarlanmayacaq. Azərbaycanda heç vaxt separatizm yuvası olmayacaq".