“Azərbaycan Nəşriyyatı” MMC-nin baş direktoru Leyla Güləliyeva “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Leyla xanım, “Azərbaycan Nəşriyyatı” MMC-nin fəaliyyətini necə dəyərləndirirsiniz?
– Fikrimcə, Azərbaycanın ən qocaman nəşriyyatı haqda söhbətə başlamazdan əvvəl bir məqamı qeyd etmək yerinə düşərdi: “Azərbaycan” Nəşriyyatının adı bir əsrdən artıq müddətdir ki, yerli çap mətbuatının adı ilə birgə çəkilir. Ölkəmizin sayılıb-seçilən jurnalistlərinin, media işçilərinin böyük əksəriyyəti vaxtilə nəşriyyatda işləmiş, yaxud da hazırda işləməkdə davam edirlər. Bu mənada, nəşriyyata rəhbərlik etmək böyük məsuliyyət tələb edir. Perfeksionist olduğumdan, ilk günlərdən işimizi elə qurmağa çalışmışam ki, hər şeyin ya ən yaxşısını etmək, yaxud da heç etməmək prinsipindən kənara çıxmayaq.
Bir zaman bizim nəşriyyat bölgənin ən iri nəşriyyatlarından biri idi, yalnız Azərbaycan üçün deyil, eyni zamanda digər respublikalar üçün də qəzetlər və müxtəlif çap məhsulları hazırlayırdı. Əlbəttə, elektron medianın, sosial şəbəkələrin aparıcı yer tutduğu müasir dövrdə çap mediasının həcmi, aktuallığı kəskin azalıb. Bu baxımdan, Nəşriyyatın hazırkı iş həcmi də o illərin dövrü ilə müqayisədə xeyli dərəcədə azdır.
Lakin mənim ən böyük arzularımdan biri Azərbaycanın hüdudlarından kənara çıxmaq, beynəlxalq səviyyədə fəaliyyət göstərməkdir. Bunu təkcə özümüzə deyil, ölkəmizdə fəaliyyət göstərən bütün mətbəə və nəşriyyat evlərinə arzulayıram.
Müstəqillik illərində nəşriyyatın fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində yeni addımlar atılıb. 2008-ci ildə istifadəyə verilmiş qəzet çapı sexi xüsusilə qeyd olunmalıdır. Belə ki, həmin istehsalat sahəsində istifadə edilən çap avadanlığı nəinki ölkədə, regionda yeganə belə avadanlıq olmaqla, müasir standarlara cavab verən istənilən formatda tamrəngli qəzetlərin çapı üçün nəzərdə tutulub.
Qəzet çapı ilə yanaşı, biz fəaliyyətimizi nəşriyyatın həm də müasir standartlara tam cavab verən nəşr evi olması istiqamətində qurmuşuq. Əlbəttə, hələ görüləcək işlər çoxdur və belə böyük həcmdə işlərin yerinə yetirilməsi üçün 3-4 il azdır.
– Siz baş direktor vəzifəsinə təyin olunanda nəşriyyatda kifayət qədər problemlər vardı. Problemlərin həlli sizi qorxutmurdu ki?
– Mən, ümümiyətlə, məsuliyyətdən, çətinliklərdən hec vaxt qorxmamışam. Əksinə, onları yeni çağırış kimi qiymətləndirmişəm. Həmişə hesab etmişəm ki, düzgün yanaşma və sistemlı işlə problemlərin öhdəsindən gəlmək mümkündür. Ona görə də böyük inam və qətiyyətlə işə başladım.
– Hansı problemləri əsas hesab edirdiniz, ötən 4 ilə yaxın zaman kəsiyində hansının həllinə nail olmusunuz?
– Bundan əvvəl qeyd etdiyim kimi, biz ilk gündən fəaliyyətimizi nəşriyyatın müasir dövrün tələblərinə cavab verməsi istiqamətində qurmağa çalışmışıq. Bu mənada, işimizi həm asanlaşdıran, həm də çətinləşdirən məqamlar var idi.
Nəşriyyatımızın çapçılarının, cildçilərinin, usta və mexaniklərinin böyük təcrübəyə malik olması işimizin asan tərəfi idi. Ancaq, bununla yanaşı, yenilənməyə də ehtiyac var idi. Müasir standartları bilən gənclərin işə qəbulu, avadanlıqların yenilənməsi vacib idi. Ötən 3 ildən artıq müddətdə bu istiqamətdə görüləcək işlərin 70-80 faizə yaxını həyata keçirilib.
Konkretləşdirsək, qəzet sexindəki çap avadanlığının əsaslı təmiri və profilaktikasını, çap təbəqələri hazırlayan avadanlıqların yenisi ilə əvəzlənməsini, sexin inzibati binasında aparılan yenidənqurma və təmir işlərini, ofset çap mərkəzi üçün müasir tələblərə cavab verən, aztirajlı nəşrlərin hazırlanması üçün nəzərdə tultulmuş mini rəqəmsal mətbəənin, reklam məhsullarının hazırlanmasında istifadə olunan çap və kəsim avadanlığının, cild sexi üçün kitab, qutu cildlənməsi, kəsim avadanlıqlarının alışını qeyd etmək olar. Qəzet seximizə Almaniyadan mütəxəssislər dəvət etdik. Onlar burada əsaslı təmir və profilaktik tədbirlər həyata keçirdilər. Bununla yanaşı, nəşriyyatın inzibati binasında əsaslı olmasa da, təmir işləri aparılır və ərazi abadlaşdırılır.
Bir məqama da toxunum. Müasir dövrdə çox keyfiyyətli çap avadanlıqları mövcuddur. Xarici ölkələrdəki mətbəələrə səfərlərimiz zamanı da bunu görürük. Lakin ölkəmizdə yüksək tirajlı sifarişlər kifayət qədər olmadığı üçün böyük çap maşınlarına ehtiyac yoxdur. Biz kiçik ölkəyik və buna uyğun olaraq, az tirajlı müasir avadanlıqlar gətirərək istifadə edirik.
– Müsahibələrinizin birində nəşriyyatı sənət ocağına, media mərkəzinə çevirməyə çalışacağınızı vurğulamısınız. Hazırda bu istiqamətdə vəziyyət nə yerdədir?
– Bu istiqamətdə işlər hazırda da aparılır. Hətta müəyyən layihələr yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra bu haqda daha ətraflı danışmaq mümkün olacaq. Onu da qeyd edim ki, aradan keçən dövr ərzində mətbuat orqanları, yaradıcı emalatxanalar, mədəniyyət və təhsil mərkəzləri istisna olmaqla, Nəşriyyatın inzibati binasında və ərazisində digər fəaliyyət növü ilə məşğul olan obyektlərin işinə son verilib.
– Bir müddət əvvəl mətbuat aləmində “reket jurnalistika” adlı bir anlayış mövcud idi. Onların da nəşriyyatda ofisləri var idi. Yenə burada fəaliyyət göstərirlərmi?
– Biz jurnalistləri kateqoriyalara bölə bilmərik, “siz reket jurnalistsiniz, burada yerləşə bilməzsiniz” demək doğru olmaz. Ümumiyyətlə, “Azərbaycan” Nəşriyyatı tarix boyu jurnalistlərin mərkəzi olub. Bu gün də burada jurnalistlər fəaliyyət göstərirlər. Media orqanlarının işlərinə müdaxilə edə bilmərik. Amma ümid edirəm ki, burada həqiqi mənada jurnalistlər, mətbuat işçiləri fəaliyyət göstərirlər.
– Nəşriyyatda bütün otaqlar doludurmu?
– Xeyr, boş otaqlarımız da var. Amma biz otaqlardan istifadə ilə bağlı yeni müraciətlərə artıq baxmırıq. Burada illərlə fəaliyyət göstərən redaksiyalar yerləşir və fəaliyyətlərini davam etdirir.
– Yeni müraciətlərə baxmamağınızın səbəbi nədir?
- “Azərbaycan” Nəşriyyatının əsaslı təmirini gözləyirik. Binamızın durumu ciddi dəyişiklik tələb edir. Hər gün müəyyən işlər görsək də, bu yetərli olmur – əsaslı yenilənmə vacibdir.
– Nəşriyyatın təmiri ilə bağlı layihə hazırdırmı?
– Bəli, əsaslı təmir işləri ilə bağlı layihə artıq hazırdır. Nəşriyyatın ümumi görünüşündə hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Mərkəzə çevrilmək üçün kifayət qədər yerlərimiz var. Artıq müəyyən yerlərdə təmir işlərinə başlamışıq. Öz imkanlarımız hesabına kiçik sahələri təmir etdiririk. Qəzet sexini abadlaşdırmışıq, müəyyən təmir işləri aparmışıq.
– Təmirdən sonra nəşriyyatda yerləşən media və ya digər təyinatlı qurumlardan icarə haqqı arta bilərmi?
– “Azərbaycan” Nəşriyyatı icarə qurumu deyil. Neçə müddətdir ki, media orqanları burada yerləşir. Onlara müqavilə əsasında xidmət göstəririk – işıq, su, istiliklə təmin edirik. Ümumiyyətlə, ödənilən rüsum çox kiçikdir və xərclərin yarısını belə qarşılamır. Əgər başqa bir qurum olsaydı, bu məbləği icarə haqqı kimi müzakirə edə bilərdik. Amma biz mediaya xüsusi diqqət yetirir, onun fəaliyyətinə dəstək olmağa çalışırıq.
– Buranın elm-sənət mərkəzinə çevrilıməsi üçün təmir işlərinin aparılması mühüm şərt kimi görünür, eləmi?..
– Nəşriyyatda əsasən redaksiya kimi fəaliyyət göstərən qurumlar yerləşir. Bura həm də sənət, media və təhsil sahəsində çalışan insanlar üçün bir məkandır. Təhsilə də dəstək veririk. Çünki nə qədər təhsilli gənclər yetişdirsək, cəmiyyət üçün bir o qədər faydalı olar. Yəni biz əslində mərkəzə çevrilmək ərəfəsindəyik.
Mərkəzə çevrilmək üçün binamızın təmiri önəmli deyil. Təmir işləri olmasa da, fəaliyyətimizi davam etdiririk. Maraqlı layihələrimiz artıq yekunlaşmaq üzrədir.
– Adətən nəşriyyatlar yalnız müqavilə öhdəliklərini yerinə yetirməklə kifayətlənmir, həm də müxtəlif layihələrin təşəbbüskarı qismində çıxış edirlər. Sizin nəşriyyatda bu sahədə vəziyyət necədir?
– Bu istiqamətdə bir neçə layihəmiz var. Uşaqlar üçün maraqlı məntiq kitabları, əlifba, rəngləmələr hazırlanır. Böyüklər üçün isə 4 kitab üzərində işləyirik. Ümid edirəm ki, yaxın zamanda bu nəşrlər işıq üzü görəcək. Azərbaycan dilində uşaqlar üçün məntiq kitablarının səviyyəsi kifayət qədər aşağıdır. Halbuki bizim uşaqlar çox ağıllıdır və onlara primitiv məntiq tapşırıqları yaraşmır. İstədik ki, gələcək nəslimiz məntiqi düşüncəni inkişaf etdirən yüksək keyfiyyətli kitabları Azərbaycan dilində rahatlıqla əldə edə bilsin.
– Azərbaycanda müəllif və tərcümə ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlar var. “Azərbaycan” Nəşriyyatı bu sahəyə daxil ola bilərmi?
– Əlbəttə, biz əsl nəşriyyat evi kimi fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Bu istiqamətdə ciddi şəkildə işləyirik. Hələlik tərcümə sahəsinə başlamamışıq, lakin, qeyd etdiyim kimi, dörd müəllif kitabı üzərində çalışırıq.
– “Azərbaycan” Nəşriyyatının özəlləşdiriləcəyi barədə zaman-zaman fikirlər səsləndirilir. Bu məsələni gündəmə gətirən bəzi müşahidələr vardı. Ərazinin bir hissəsində çoxmərtəbəli binalar inşa olunmuşdu. Bu barədə nə deyərdiniz?
– Məncə, ölkəmiz bu mərhələni çoxdan keçib və indiki zamanda dövlət qurumunu özəlləşdirmək mümkün deyil. Biz dövlət qurumuyuq, Prezidentin İşlər İdarəsinin tabeçiliyindəyik və öz sahəmizi qoruyacağıq. Burada hər hansı yeni binanın tikilməsi qeyri-mümkündür.
– Nəşriyyat dotasiya alırmı, yoxsa özünü maliyyə baxımından təmin edir?
– “Azərbaycan” Nəşriyyatı heç bir dotasiya almır, özü-özünü təmin edir.
– Maraqlıdır, gündəlik qəzet oxuyursunuzmu?
– Mən qəzet sevən və gündəlik onları oxuyan bir ailədə böyümüşəm. Bu günə qədər ailəmizdə qəzet oxunur. Özüm isə işimlə bağlı hər səhəri qəzetlərlə açıram. Amma səmimi deyim ki, hamı kimi son xəbərləri elektron mediadan öyrənirəm.
Bu gün də qəzetlər cəmiyyətdə vacib, lakin bir qədər dəyişmiş rol oynamağa davam edir. Çap nəşrləri mühüm hadisələri, ictimai əhval-ruhiyyəni və zamanın mədəni kontekstini sənədləşdirərək tarixə düşür. İnternet və sosial şəbəkələrlə rəqabətə baxmayaraq, bir çox qəzet yüksək jurnalistika standartlarını qoruyur və etibarlı xəbər mənbəyi kimi çıxış edir.
Sosial şəbəkələrdəki tez paylaşımlardan fərqli olaraq, qəzetlər daha dərin və strukturlaşdırılmış təhlil təqdim edir. Bu, xüsusilə rəy yazılarında, müəllif məqalələrində və müsahibələrdə özünü göstərir. Qəzetlərdə məlumatlar redaktədən və yoxlamadan keçir. Sosial şəbəkələrdə isə məlumat çox sürətlə yayılır, lakin çox vaxt yoxlanmadan paylaşılır, bu da yalan xəbərlərin yayılmasına səbəb olur.
– Son xəbərləri elektron mediadan aldığınızı vurğuladınız. Elektron media qəzet sahəsini arxa plana sala bilərmi?
– Bir zamanlar dünyada çapla məşğul olan bütün mətbəələrdə belə bir narahatlıq hökm sürürdü. Amma zaman göstərdi ki, bu mümkün deyil. Əlbəttə ki, sosial şəbəkələr, elektron versiyalar çap məhsulunun aktuallığın da, tirajlarını kəskin azaldır. Amma zaman keçdikcə görürük ki, çap məhsuluna ehtiyac qalır.
Mətbuat çərçivələrindən qırağa çıxsaq, eyni mənzərəni görərik. Öz uşaqlarımı nümunə gətirə bilərəm. Elektron kitab oxusalar da, çap versiyasını oxumağı daha çox sevirlər. Onlara deyəndə ki, hansısa kitabın elektron versiyasını yükləyin, cavab verirlər: “İstəyirəm ki, kitab əlimdə olsun”. Əgər gənc nəsildə bu cür yanaşma varsa, deməli, hələ bu barədə narahat olmağa dəyməz.
Fikrimcə, çap məhsulu heç vaxt ölməyəcək. Ona maraq həmişə olub və olacaq. Məsələnin estetik tərəfi də var. Elektron versiya kitabın kağız səthiylə təmasın, illüstrasiyalarla tanışlığın hisslərini vermir. Çap kitabı oxuyarkən yaranan hisslər daha dərin olur, oxunan mətn isə yaddaşda daha yaxşı qalır.
– Hansı janrda kitab mütaliə etməyi sevirsiniz?
– Mən kitab oxumağı çox sevirəm. Amma demək olar ki, son illər kitabları az oxuyuram, buna sadəcə vaxtım olmur. Yalnız şənbə və bazar günləri özümə hədiyyə kimi vaxt ayırıb mütaliə edirəm. Detektiv və bədii əsərləri, xüsusilə də poeziyanı çox sevirəm – rübailər, şeirlər, poemalar. Ümumiyyətlə, elə bir ailədə böyümüşəm ki, evimizdə hər tərəf kitabla dolu olub. Bizdə kitablar adətən imzalanaraq nəsildən-nəsilə ötürülür – babadan nəvəyə, atadan qıza, oğula. Hər kitabın üzərində onun kim tərəfindən kimə hədiyyə edildiyi qeyd olunub.
– Ailənizdə yazıçı və ya şair varmı? Kitaba olan sevgi haradan qaynaqlanır?
– Xeyr, ailəmizdə yazıçı və ya şair yoxdur. Nəslimizdə də belə biri olmayıb. Sadəcə bizim ailədə kitaba həmişə böyük sevgi olub. Uşaqlıqdan heç vaxt bizi kitab oxumağa məcbur etməyiblər. Mən də övladlarımı heç vaxt buna məcbur etməmişəm. Kitab oxumağı onlar özləri istəyiblər...