Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

“Şərəfimə sığışdırmaram ki, hökumət mənim jurnalistliyimi təsdiq eləsin” - Arif Əliyevdən ETİRAZ
Tarix: 17-03-2023, 11:39 | Çap et
“Şərəfimə sığışdırmaram ki, hökumət mənim jurnalistliyimi təsdiq eləsin”
DİA.AZ “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri, Bakı Mətbuat Klubunun prezidenti, “Media açarı” jurnalist mükafatının təsisçisi, ictimaiyyətlə əlaqələr sahəsi üzrə mütəxəssis, jurnalist Arif Əliyevin Yeniavaz.com-a müsahibəsini təqdim edir:

- Yeni Nəsil Jurnalistlər Birliyinin sədrisiniz. Bu “yeni nəsl”ə kimlər daxildir? Hazırda onların vəziyyəti necədir?
- Yeni Nəsil Birliyindən indi ad qalıb. Yəni, adı belədir. Birlik 1994-cü ildə yaranıb. O zaman niyə belə adlandı? Çünki Azərbaycanda köhnə dövrdən qalmış bir jurnalist təşkilatı var idi. Artıq Azərbaycanda yeni jurnalistika yetişmişdi. Müstəqil Azərbaycan jurnalistikası yetişmişdi, nəsillər dəyişməsi, təfəkkür dəyişməsi baş vermişdi. O zamanda yaradıldı və bu cür də adlanıldı. Həmin o yeni nəsil bu gün artıq Azərbaycan jurnalistikasının aparıcı simalarıdır. Və indi də, təəssüf ki, belə olaraq qalır. Məsələn, mən düşünürdüm ki, zaman dəyişməsi baş verdiyi kimi, siyasi aləmdə olduğu kimi, media aləmində də o dəyişmə baş verəcək. Amma hələ ki baş vermir.

- Ədəbiliklə jurnalist yazısını necə qarışdırmayaq?
- Ədəbiyyat bizim üçün, ümumiyyətlə, jurnalistika üçün bazis rolunu oynayır. Əgər jurnalist çox oxumursa, onun nə danışmaq, nə də yazmaq qabiliyyəti olacaq. Bunu mən yaşlı və təcrübəli bir adam kimi söyləyirəm. Bu ana-bala bağlılığı bunların arasında var. Amma bilavasitə peşə fəaliyyətinin yerinə yetirilməsində müəyyən janrlar var ki, əlbəttə, orda ədəbiliyə, ədəbi priyomlara, ədəbi formalara yer verilir. Publisistika janrlarıdır, hekayə formatında qurulmuş janrlardır. Amma xəbərçilikdə, xəbər janrında ədəbiyyata, əlbəttə, yer yoxdur. Belə bir ifadə var, deyirlər ki, jurnalistlər ədəbiyyatın qara fəhlələridirlər. Yəni, jurnalistika fakt, quru informasiya, öz mövqeyini yox, mövcud mövqeləri toplayıb ortaya qoymağı gətirir. Bunlar hamısı ədəbiyyat üçün ölçülməz materialdır. Bir çox janrlar var ki, orda ədəbiyyata xas olan keyfiyyətləri gətirmək olmaz. Dediyim müstəvidə jurnalistika və ədəbiyyatı bir şey bağlaya bilər – şirin, anlaşılan, lakonik dildə danışmaq bacarığı.

- Azad medianı formalaşdıran ünsürlər hansılardır?
- Bir azadlıq var, bir müstəqillik var. Bunlar bir az fərqli anlayışlardır. Azadlıq odur ki, sənin əvəzinə heç kim düşünmür, sən özün düşünürsən və sənin düşünmək imkanın var. Müstəqillik odur ki, sənin əvəzinə heç kim pul vermir, sənin xərclərini heç kim ödəmir. Bunlar bir-birlərinə bağlı məfhumdur. Bir jurnalist kimi ola bilsin ki, sizin azadlıq imkanınız daha genişdir, nəinki kütləvi infomasiya vasitəsinin (KİV). KİV həm də istehsal növüdür, biznesdir. Onun azadlığı müstəqilliyinə tam bağlı bir şərtdir. İstər jurnalistə, istərsə də KİV-ə azadlıq üçün birinci növbədə siyasi şərait lazımdır. Yəni bütün siyasi qurumlar, hakimiyyətlər – diktaturası, hətta demokratı da – mətbuatın özünə tabe olunmuş şəkildə fəaliyyət göstərməsinə həvəslidirlər. Bu, hər yerdə belədir. Heç kim istəməz ki, özü haqqında tənqid oxusun, kimsə onun əlinə baxsın ki, görüm bu hardan neçə götürdü, hara qoydu və s. Xüsusən də siyasətçilər. Buna görə də onlar bu və ya digər formada medianı özlərinə tabe etməyə, özlərinin nəzarətinə götürməyə cəhd göstərirlər. Avtokrat və daha qatı cəmiyyətlərdə bunlar qanunlar, dövlət orqanlarını yaratmaq vasitəsilə həyata keçirilir. Təəssüf ki, onların bir çox elementi bizim həyatımızda var. Bizim qanundur, bizim dövlət orqanlarıdır və s. Birinci şərt budur. İkinci şərt, əlbəttə, jurnalistin özünün “kafa”sıdır. Təəssüf ki, Azərbaycanda son 15 ildə deyərdim ki, özünüsenzura həddən artıq güclənib. Keçmiş vaxtlarda, 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində deyirdilər ki, beyinlərdə sanki senzor oturub və fikirləri qayçılayır. Artıq beynin buna öyrəşir, məhdudlaşır, çəpərləşir. Bu, xofdan, qorxudan, qazanmaq həvəsindən – çünki başqasının sözünə qulaq asanda çox verir – bacarıqsızlıqdan, çox şeydən irəli gəlir. Azərbaycanda senzura ləğv olunanda “Azadlıq” qəzetinin redaktoru mənə dedi ki, indi biz necə işləyəcəyik? Bizim əvəzimizə orda oturmuşdular, hər şeyi qayçılayırdılar. Ona görə elə jurnalistlər var ki, onları azadlığa buraxırsan, deyir istəmirəm, mənə bu qəfəs yaxşıdır. Üçüncüsü, əlbəttə, maliyyə lazımdır. Maliyyə imkanları olmadan azad və müstəqil olmaq mümkün deyil.

- Media haqqında qanunda jurnalistin azad fəaliyyətinə əngəl olan müddəalar varmı? Yoxsa qanun nöqsansızdır? Daha nələr əlavə etmək olar?
- Qanunun fəlsəfəsi, konsepsiyası, bir də ayrı-ayrı müddəaları olur. Təəssüf ki, bu qanunun fəlsəfəsi də, konsepsiyası da bütövlükdə medianı məhdudlaşdırmağa yönəldilib. Məsələn, bizdə qurum yaradanda adını qoyursan “Medianın inkişafı”, fərman verəndə adını qoyursan “Medianın inkişafı”, çıxış eləyəndə deyirsən “Medianın inkişafı”, amma bu qanunlar, qərarlar inkişafa yox, nəzarətə yönəlib. Onların hamısı “bu olmaz, bunu edəndə belə cəzalandırılacaqsınız”, – bunlardan ibarətdir. Orda stimul yaradıcı elementlər yoxdur ki, inkişaf üçün stimul yaratsın. Məsələn, reyestr məsələsini götürək. Bu reyestr hər yerdə var, çox yerdə olan şeylərdir. Amma reyestr nədir? Sən hansısa bir dövlət orqanında qeydiyyata düşürsən, sənin adını, soyadını, hansısa məlumatlarını ora daxil edirlər və bu, sənin gözünün qabağında reyestr olur. İzləyirlər, bu nə vaxt bağlandı, yerini dəyişdi, həyatında hansısa bir dəyişiklik baş verdimi, bunun üçün səndən nə əlavə sənəd tələb edirlər, nə səni məhkəməyə verə bilirlər. Reyestrə salmaq sənin vəzifəndir, reyestrə düşmək mənim vəzifəm deyil. Bizdə reyestrə düşmək üçün uzun bir müraciət forması keçməlisən. Sənədlər doldurmalısan, bütün jurnalistlərin siyahısını verməlisən. Bəlkə, bu, normal KİV-dir. Məsələn, “Zerkalo”da vaxt var idi 150 adam işləyirdi. Sən o 150 nəfər üçün oturub bir həftə o məlumatları doldurmalısan? Hansı ki, heç kimə də lazım deyil. Nəticədə sən bunları etmirsənsə, yaxud orda elə məhdudiyyətlər var ki, məsələn, KİV gündə 20 xəbər verməlidir. Bu aqreqatdır, elə bil ki, toyuq fabrikidir, jurnalistika deyil. Bunun regionu var, regionda bir gündə 20 xəbəri hardan çıxarsın və niyə çıxarmalıdır? Və ya analitik jurnalistika var. Sən hansı analitik informasiya agentliyindən tələb edə bilərsən ki, gündə 20 analitika verməlisən, yoxsa mən səni KİV adlandıra bilmərəm? Absurd şeylərdir. Mən qanun qəbul olunanda parlament komissiyasındakı çıxışımda dedim ki, bu qanun nə özü işləyəcək, nə siz düz əməlli işləyə biləcəksiniz, nə də bizi işləməyə qoyacaq. Bax, indi qanun yavaş-yavaş fəaliyyətə düşməyə başlayır, artıq o narahatlıqlar jurnalistlər, KİV tərəfindən yaranır. Baxmayaraq ki redaktorların çoxu dil-dil ötür ki, ay nə bilim gözəldir, nədir, tək qalanda tamam başqa cür oxuyurlar. Həm də dövlət orqanlarının özləri də bu saat o qanunun əlində qalıblar. Tutaq ki, bir 300 redaksiya bu şərtlərə uyğun gəlmədi, nə edəcəksən, 300 dənə məhkəmə işi açacaqsan? Sənin onda səhərdən axşama kimi bütün günün məhkəmələrdə keçəcək axı. Yuxarıda dediklərim jurnalistlərin yox, media vasitələrinin reyestrinə aid idi. Jurnalist reyestri elə bir anaxronizm, elə bir gerifikirlilikdir ki, yəni, mən öz adıma deyirəm, öz şərəfimə sığışdırmaram ki, hökumət mənim jurnalistliyimi təsdiq eləsin və mənə sənəd versin. Mən bunu peşə şərəfimə sığışdırmaram. Mən Moskva Dövlət Universitetinin məzunuyam, dünyanın aparıcı KİV-ində məqalələrim çıxıb. Mən bunun hələ hissiyyat tərəfini söylədim. Amma peşə prinsiplərinə görə qadağandır. Jurnalistlərə dövlət orqanlarının verdiyi səlahiyyətlərlə üstünlüklərdən istifadə etmək qadağandır. Həmin o dövlət orqanının verdiyi sənəd isə jurnalistə üstünlük yaradacaq. Əgər siz redaksiyanın sənədi ilə gedəcəksinizsə, deyəcəklər olmaz, dövlətdən aldığın vəsiqəni gətir. Bütün peşə kodekslərinə görə, jurnalistə dövlətin ona verdiyi üstünlüklərdən istifadə etmək qadağan olunur. Biz isə bütün bunları qanunlara salırıq. Yəni həyat, fəaliyyət prinsiplərinə keçiririk.

- Dövlət və media qurumları arasında əlaqə, kommunikasiya hansı səviyyədədir?
- Jurnalistlər üçün nə baş verirsə versin, bir nömrəli informasiya mənbəyi dövlət orqanlarıdır. Bizim həmişə onlara ehtiyacımız olacaq. Bunun üçün də mexanizmlər lazımdır. O mexanizmlərin də hamısı Azərbaycan qanunvericiliyində, sistemində var. Bu qanunları pozanlar üçün cəza mexanizmləri də var, ombudsman da var. Düzdür, media ombudsmanı yaradılmadı, amma mövcud insan haqları üzrə ombudsmana tapşırılıb ki, bu məsələlərlə məşğul olmalısan. Dövlət orqanlarının mətbuat xidmətləri var. Media sahəsində fəaliyyət göstərən digər qurumlar var. Bu mexanizmlər, təəssüf ki, işləmir. Çünki ümumi yanaşma belədir ki, sən informasiyanı cəmiyyətə açmağa məcbur deyilsən. Onu daha çox gizlətmək bacarığına malik olmalısan. Niyə? Çünki cəmiyyətdə korrupsiya böyükdür. İnformasiyanı kim gizlədir, niyə gizlədirlər? Əgər sən yaxşı iş görmüsənsə, özün dağa çıxıb qışqırarsan ki, ay camaat, mən bunu elədim. Və sənə mikrofon uzadan jurnalistin də hələ, bəlkə, o üzündən bu üzündən də öpərsən ki, bu informasiyanı yay. Ona görə gizlədirsən ki, birincisi, sənin zibilin, oğurluğun, yalanın var. Bir də ona görə gizlədirsən ki, sən fərasətsizsən, bacarıqsızsan. Qorxursan ki, bu informasiya yayılar, kiminsə qulağına çatar. Məsələn, biz neft şirkətinin keçmiş rəhbərindən az danışmışıq?! O danışanda adamın gülməyi gəlirdi, fikirləşirdin ki, ilahi, bu insan bu boyda neft məmləkətində bu boyda təşkilatı nə cür idarə eləyir? Bunu mənə xarici jurnalistlər də deyirdilər. Və bir də psixoloji mühit. Bütün dövlət orqanlarında qapalı psixoloji mühit var. Məsələn, bir çox ölkələrdə ali dövlət orqanlarının, bələdiyyələrin iclaslarında jurnalistlər, adi vətəndaşlar belə iştirak edir. Bizdə bir jurnalistin imkanı çatır gedib o qapıdan bir içəri girsin? Və məhkəmələr də müstəqil deyillər, sifarişlərlə işləyirlər, dövlət orqanlarından göstəriş gələndə ki, jurnalistin, yaxud media orqanının məhkəmə müraciətini cavabsız burax, onlar da buraxırlar. Ona görə də onlarla belə işlər axırda Avropa Məhkəməsinə gedib çıxır. Peşəkarlıq məsələsini isə mən bu mövzuda, ümumiyyətlə, işlətmədim. İndiki mühitdə, təəssüf ki, jurnalistlərin peşəkarlığını inkişaf elətdirmək üçün şərait yoxdur. Biz də ona görə peşəkar olmaq istəyirik ki, cəmiyyətdə hörmət qazanaq, pul, mövqe qazanaq, yazımıza hörmətlə yanaşsınlar. Peşəkarlıq sizə pul, ad, cəmiyyətdə mövqe, vəzifə və s. gətirmirsə, başqa şeylər gətirir. Məsələn, sifarişlə işləmək, sözə yaxşı qulaq asmaq, bu adamları vurmaq, o biriləri qaldırmaq – bax belə şeylər gətirir. Hər hansısa peşəkar Azərbaycanın aparıcı media qurumunda peşəkarlığın əsas tələblərinə əməl etmiş olsa, bir həftədən sonra işdən çıxaracaqlar.

- Media qurumunun hansısa şəxsin və ya şəxslərin, qurumun qeyri-rəsmi nəzarətində fəaliyyət göstərib, onun maraqlarına xidmət etməsi jurnalistika prinsiplərinə ziddirmi?
- Birmənalı olaraq ziddir. Peşə prinsipləri, kodeksləri bizdən tələb edir ki, bütün informasiya mənbələrimiz oxucu, auditoriya üçün açıq olmalıdır. Amma Azərbaycan şəraitində bunu tələb etmək qeyri-mümkündür. Azərbaycanda media bazarı yoxdur ki, orda gəlir əldə edilsin. Bu, biznes strukturudur, nə iləsə işləməlidir. Bu, feysbuk deyil ki yazdın, sonra getdin yatdın, bir saat sonra yenidən gəldin. Bu, istehsaldır. Bunun hər şeyi vəsait tələb edir. Bu vəsaiti sən reklamdan, satışdan götürə bilmirsənsə, digər gəlir mənbələri yoxdursa, deməli, media bu vəsaiti hardansa götürür. Havadan yarana bilməz ki. Hardansa götürürsə, bu ya büdcədir, ya oliqarxdır, ya bir dövlət orqanıdır, ya da bəlkə də hardasa elə insaflı, xeyirxah adamlar var ki, onlar yardım edirlər, ya da öz şəxsi vəsaitindir. Əslində bu cəmiyyətin, ictimaiyyətin özünün vəsaiti olmalıdır. Ola bilsin, hansısa vicdanlı məmurdur, deyir ki, mən görürəm ki, siz ölkənin, ictimaiyyətin maraqlarına xidmət edirsiniz, bu da mənim köməyimdir, heç elə bilin ki, mən yoxam. Nəzəri cəhətdən ola bilər. Amma burda iki şey var. Teatrda necədir? Əgər birinci aktda divardan silah asılıbsa, demək ki, sonuncu aktda o mütləq atəş açacaq. Burda da əgər o faktor varsa, sən ən azından onun psixoloji təzyiqini öz üzərində hiss edəcəksən. Beyindəki senzura, elə vicdanın özü olsun. Sən hansısa dövlət orqanından bu vəsaiti alasan, sənə o qədər imkanlar yarada, sonra da Məşədi İbad demişkən, “atasını yandırasan” ki, hardasa oğurluq və ya ədalətsizlik edib. Belə bir mürəkkəb dilemmadır.

- Kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dövrdə vətəndaş jurnalistikası ilə peşəkar jurnalistikanı necə ayıraq? Sosial şəbəkələrdə gündəm olan məlumat xəbər olmalıdır, yoxsa yazılan xəbər sosial şəbəkələrin gündəminə çevrilməlidir?
- Biz artıq “olmalıdır”, ya “olmamalıdır” kimi ifadələrlə danışa bilmərik. Reallıq var, fakt var və bu faktla hesablaşmalıyıq. Vətəndaş jurnalistikası deyilən məfhum nisbidir, belə bir şey yoxdur. Vətəndaş milisliyi deyə bilərikmi? Vətəndaş milisi növbətçidir. Əhali razılaşır, kömək edirlər, növbətçi çıxırlar. Və ya vətəndaş həkimliyi… Jurnalistika peşədir. Vətəndaş jurnalistikası dediyimiz şeydə peşəkarlıq da, məsuliyyət də yoxdur. Yazdın getdi. Səhəri gün bunun səndən haqq-hesabını da aparmayacaqlar. Bu elə peşədir ki, sən bununla daimi, professional əsaslarla məşğul olmalısan. Ona görə də biz bunları bir-birindən ayırmalıyıq. Sosial şəbəkələr isə öz-özlüyündə platformadır. Yanaşma tərzimizi bir az düzgün qurmalıyıq. Dünən insan cəmiyyətə öz səsini eşitdirmək üçün biz jurnalistlərdən istifadə edirdi, məsələn, telekameradan, mikrofondan və s. Bu gün bunların heç birinə ehtiyac yoxdur. Bu gün elə platformalar var ki, onlar sənin səsini də, şəklini də, sözünü də qısa vaxt ərzində başqalarına çatdıracaqlar. Bəli, bunlar çox geniş kommunikasiya vasitələridir. Və yəqin, onlar elə formada inkişaf edəcəklər ki, bəlkə, onun haqqında bizim indi heç təsəvvürümüz belə yoxdur. Mənim yadımdadır, 1998-ci ildə internet hələ təzə-təzə genişlənəndə dünyanın ən böyük media mütəxəssislərindən biri - “Reuters”in rəhbəri demişdi ki, bunun heç bir gələcəyi yoxdur. İndi biz nəinki evdə, hətta küçədə də olanda ünsiyyət üçün həyatımızı internetsiz təsəvvür edə bilmirik. Bu o demək deyil ki, biz öz peşəmizdə hər şeyi atıb yenidən qurmalıyıq.

- İctimai fəal Bəxtiyar Hacıyevin timsalında KİV-in məhkəməyə hörmətsizlikdə təqsirləndirilən, həbsdə aclıq edən və kibercinayətə məruz qalan bir vətəndaşa münasibəti necə olmalıdır?
- Biz indi burda işıqlı, sakit bir yerdə oturub, heç kimin bizə heç nəyi məcbur etmədiyi bir şəraitdə söhbət edirik və içəridə əyləşmiş bir şəxs haqqında münasibət bildiririk. Mən bilirəm ki, o şəxs mürəkkəb adamdır. Bu məsələdə, yəqin ki, razılaşdığımız, razılaşmadığımız məqamlar var. Hətta güclü tənqid kimi irəli sürəcəyimiz məqamlar da ola bilər. Amma bu adam xuliqan deyil, ictimai fiqurdur. Və bizim münasibətimiz də o cür olmalıdır. Dövlətin vəzifəsi vətəndaşını alçaltmaq, cəzalandırmaq, mütləq başını divara döymək, onu ən ağır şərtlərlə qarşılaşdırmaq deyil. Dövlətin vəzifəsi işi düzgün araşdırıb və ona layiq olduğu cəzanı verməkdir. Bunun üçün Bəxtiyar Hacıyevi o psixoloji və fiziki vəziyyətdə həbsxanada saxlamağa ehtiyac varmı? Gəlin baxaq, elə şəxslərin ev dustaqlığı şəraitində istintaqını təmin edirlər ki, burda nə var ki?! Burda açıq-aşkar görünür ki, kimsə kimdənsə hayıfını alır. Əslində biz bilirik, nəyin hayıfını alırlar. Dövlət belə şeyə heç vaxt getməməlidir. Əlində əsas var, yoxdur, heç vaxt belə şeylərə getməməlidir. Biz də cəmiyyət olaraq belə şeylərə getməməliyik. Çünki buna öyrəşdinsə, buna susdunsa, sabah yüz faizlik haqqa da susacaqsan. Bu bir öyrəncəlikdir. Mən düşünürəm ki, B.Hacıyev məsələsinə biz belə yanaşmalıyıq. O günahkardır, günahkar deyil, bu ikinci məsələdir. Birinci məsələ ondan ibarətdir ki, bu iş nə dərəcədə ədalətli aparılır. Və onun hökm çıxmamışdan əvvəl çəkdiyi cəza onun düşdüyü şəraitə uyğundur, uyğun deyil? Mənə elə gəlir ki, əlbəttə, uyğun deyil. Milyonları yemiş və bu cəmiyyətin başına oyun açmış adamları həbsdən evə buraxırlar. Heç demirlər ki, bu qaça bilər, istintaqa təsir edə bilər. Milyonları var, istədiyi anda təsir edə bilər. Açıq-aşkar görünür ki, bəhsəbəs gedir. Dövlət heç vaxt vətəndaşla bəhsəbəs etməz. Mənə elə gəlir ki, mətbuat bu məqamda birinci növbədə insan haqlarını üstün tutmalıdır. Bu, onsuz da mətbuatın vəzifəsidir. Və mətbuat bir şeyi unutmamalıdır ki, bizim haqqında məhkəmə hökmü çıxarılmamış heç bir şəxsi cinayətkar adlandırmağa haqqımız yoxdur. Və ona o cür münasibət sərgiləmək də olmaz. Əlbəttə, faktları yaz, qiymətini ver. Amma, məncə, bu damğaları vurmaq olmaz, bu, jurnalistikaya yaraşmaz.

- Son olaraq, jurnalistikada insanlıq, yoxsa peşə?
- Toyuq və yumurta məsələsi, hə? Bir dəfə mən Qırğızıstanda özbək və qırğız redaktorlarına Oş hadisələrindən sonra treninq keçirdim. Onlar, Allah göstərməsin, bir-birlərini Qarabağda olduğundan da pis qırmışdılar. Çox “qansız” hadisələr baş vermişdi. Orda qırğız redaktorlardan biri ilə – xanımın çox gözəl adı da var idi, bizim dilə tərcümə edəndə “mirvari” olurdu – real bir situasiya araşdırılırdı ki, jurnalist elə bir vəziyyətdədir ki, bir tərəfdən informasiyanı aparıb redaksiyasına çatdırmalıdır, o biri tərəfdən digər insanların həyatı ondan asılıdır. Orda kimlərsə xahiş etmişdi ki, jurnalist onları özü ilə maşınla götürsün. Götürməlidir, ya götürməməlidir? Belə bir situasiya idi. O qız birmənalı olaraq dedi ki, götürməməlidir. Dedi ki, mən götürməzdim. Bununla xeyli insan razı olmadı. Treninq bitdi. Səhər növbəti iclasa yığışanda o ağlaya-ağlaya gəldi, hamıdan üzr istədi, dedi ki, yox, onu etmək olmaz. Jurnalist istənilən anda birinci növbədə o insanın həyatını düşünməlidir və ona kömək etməlidir. Redaksiya qaydaları onu tələb edir ki, jurnalist üçün birinci növbədə peşə fəaliyyətidir. O, birinci növbədə peşə fəaliyyətini, xəbərin hazırlanması, çatdırılması və tərəfsizliyini təmin etməlidir. Amma praktikada buna əməl etmək insani baxımından çox çətindir. Və biz buna əməl etdiyinə görə də heç bir kəsi qınaya bilmərik. Sizin sonuncu sualınızın cavabı açıq qalsın. Jurnalist özü üçün müəyyənləşdirməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30
"Baxırsan, amma son dəfə..."
Dünən, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
11-07-2025, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
11-07-2025, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
11-07-2025, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
11-07-2025, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
11-07-2025, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
11-07-2025, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
11-07-2025, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
11-07-2025, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru