ZEYNAL BAĞIRZADƏ 1 MAYDA MÜHAKİMƏ OLUNACAQ
Tarix: 17-04-2012, 14:07 |
Çap et
AXCP FƏALININ MƏHKƏMƏSİ GƏLƏN AYA QALDI
Aprelin 17-də Naxçıvanda AXCP fəalı Zeynal Bağırzadənin apellyasiya şikayəti üzrə proses olub. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, müdafiə və ittiham tərəfləri çıxışların hazırlanması üçün vaxt istəyib. Məhkəmə mayın 1-nə təyin olunub.
Vəkil qeyd edib ki, Zeynal Bağırzadənin səhhətindən şikayəti var: “O, bir tərəfinin hərəkətsiz qaldığını bildirir”.
Zeynal Bağırzadə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, bilə-bilə saxta sənədlərdən istifadə etmə və dələduzluqda təqsirli bilinərək 2012-ci il martın 1-də 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, AXCP fəalı saxta sənədlərdən yararlanaraq “Çernobıl əlili” statusu əldə edib.
2011-ci il dekabrın 26-dan həbsdə olan fəalın şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Ağır Cinayətlər Kollegiyasında baxılır.