"Hörmətli cənab Hasil Abbasov, mən, Goranboy rayonu sakini uzun müddətdir işsiz şəxs kimi Dövlət Məşğulluq Agentliyində qeydiyyatda olmağıma baxmayaraq, bu günə qədər işlə təmin olunmadığım üçün Sizə rəsmi qaydada müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Goranboy sakininin Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinə ünvanladığı müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Bildirmək istəyirəm ki, 2019-cu ildən etibarən məşğulluq idarəsində işsiz kimi qeydiyyatdayam və dəfələrlə aidiyyəti üzrə müraciətlər etmişəm. Buna baxmayaraq, bu müddət ərzində mənə uyğun iş təklif olunmamış, sosial vəziyyətim isə daha da ağırlaşmışdır. Mən bir vətəndaş olaraq dövlət qurumundan qanunvericiliyə uyğun münasibət və köməklik gözləmişəm.
Məşğulluq idarəsinin əməkdaşı İqbal Teymuroğlu ilə əlaqə saxlayaraq vəziyyətimi bildirmiş, işlə təmin olunmağım və mənə köməklik göstərilməsi barədə müraciət etmişəm. Lakin o, vətəndaşla etik davranış qaydalarına uyğun olmayan formada kobud münasibət göstərmiş, mənimlə nalayiq şəkildə danışmışdır.
Hətta telefon danışığı zamanı “Get kimə istəyirsən şikayət et, heç kimdən qorxmuram” kimi ifadələr işlətmişdir ki, bu da dövlət qulluqçusunun davranış qaydalarına ziddir.
Bundan əlavə, onun yanında olan 142 çağrı mərkəzinə zəng etdiyim zaman mənə “Çıx çöldə danış, burada danışma” deyə müraciət edilmişdir. Hesab edirəm ki, vətəndaşla bu cür davranış həm etik normalara, həm də dövlət qulluqçularının vəzifə öhdəliklərinə uyğun deyildir. Dövlət orqanlarında çalışan şəxslər vətəndaşlarla hörmətlə davranmalı, onların problemlərini dinləməli və qanun çərçivəsində köməklik göstərməlidirlər.
Bundan başqa, İqbal Teymuroğlu ilə sonradan dəfələrlə əlaqə saxlamağa çalışsam da, telefon zənglərim cavabsız qalmışdır. Mənim müraciətlərimə laqeyd münasibət göstərilməsi məndə haqlı narazılıq yaratmışdır.
Bütün qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Goranboy Rayon Məşğulluq İdarəsinin əməkdaşı İqbal Teymuroğlunun hərəkətləri qanunvericiliyə uyğun şəkildə araşdırılsın, müraciətim obyektiv yoxlanılsın və nəticəsi barədə mənə rəsmi məlumat verilsin. Eyni zamanda, uzun müddətdir işsiz olduğum nəzərə alınaraq mənim işlə təmin olunmağıma köməklik göstərilməsini də Sizdən xahiş edirəm..."








