Mərhum Xalq artisti Rasim Balayevdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) rəhbərlik edəcək şəxsin seçkisi qalmaqalla yadda qalıb.
Mayın 26-da keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin yeni sədri seçildiyinə dair məlumat yayılıb. Nəticələr elan olunandan sonra Əli İsa Cabbarov deyib:
“Biz vətənimizin və kinomuzun xidmətindəyik. Bu xidmətdə bizə heç kim mane ola bilməz və mane olmayacaq da”. Ancaq qarşı tərəf- Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləyənlər nəticələrlə razılaşmırlar. Şəfiqə Məmmədova isə qurultayda iştirak etməyib.
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu məlumat təxribatdır:
“Hətta təxribat yox, xəyanətdir. Əvvəla, Şəfiqə Məmmədova qurultayda iştirakdan və namizədlikdən imtina edib. İkincisi, hazırda ittifaqda Hesablama Palatasının yoxlaması aparılır. Yoxlama davam etdiyi halda nəinki qurultay, ümumiyyətlə, hər hansı toplantının keçirilməsi doğru deyil.
400 nəfər üzv qarşısında toplantıda cəmi 110 nəfər iştirak edib. Onların da 93-u yalandan səs verib. Mən prosesi telefondan izləyirdim. Əvvəl təxminən 120 adam gəlmişdi. Lakin onlar Şəfiqə xanımın olmadığını görəndən sonra təxminən 50-60 nəfər oranı tərk etdi. Qalanlar da hamısı küçədən gələn, "fit" çalanlar idi.
Elə bil, kolxozdur. Heç bir qanun, qayda, nizam-intizam yoxdur. Sonra da mandatlarla bağlı vəziyyətin biabırçı olduğunu görüblər. Kvorumun yarısı belə yox idi. Bir mandatı 2-3 dəfə sayıblar. Nəticədə rəqəm 110-a çatdırılıb. Halbuki orada 400 nəfər iştirak etməli idi”.
Onun sözlərinə görə, hazırda mətbuata yanlış məlumatlar verirlər:
"Şəfiqə xanım uşaqdır ki, getsin oyun oynasın? Yoxlama prosesi davam etdiyi halda iclasın keçirilməsi nə dərəcədə doğrudur?
Tədbirdə nə məruzə, nə hesabat, nə alternativ namizəd, nə əlavə müzakirələr, nə də geniş çıxışlar olub. Sonda məlum olub ki, zalda cəmi 90-a yaxın iştirakçı qalıb. Əli İsa kimdir? Onun kinoda nə xidməti var? O, nə mədəniyyət işçisidir, nə Xalq, nə də Əməkdar artistidir.
O, küçədən gəlmə, təsadüfi adamdır, Rüstəm İbrahimbəyovun kölgəsində işləyib. Onlar Azərbaycan kinosuna qarşı təxribat və xəyanət ediblər. Biz gecə-gündüz çalışırıq kinostudiyanı düzəldək, bərpa edək. Amma onlar bundan sui-istifadə ediblər".
Şeyx Əbdül Mahmudbəyov əlavə edib ki, Azərbaycan kino ictimaiyyətinin tanınmış nümayəndələrinin əksəriyyəti, o cümlədən özü bu prosesi boykot edib və bununla bağlı müraciət ünvanlanıb:
“Onlar mətbuata yanlış informasiya verərək ictimaiyyəti çaşdırırlar. Bu, sadəcə biabırçılıqdır. Şəfiqə xanım həmin tədbirdə iştirak etməyib. Nə Ayaz Salayev, nə Vaqif Mustafayev, nə Oqtay Mirqasımov, nə Cəmil Quliyev, nə də Şeyx Əbdül Mahmudov iştirak edib.
Ən əsası isə Azərbaycan kinosunun korifeyləri orada olmayıb. Küçədən adam toplayıb zalı doldurublar. Rasim Balayevin səhhətindən sui-istifadə edərək ittifaqı təsadüfi insanlarla doldurublar. Özlərinə elektorat yaradıblar. Yəni ittifaqa yalandan üzvlər qəbul edib, onların hesabına legitimlik qazanmaq və xal toplamaq istəyiblər".
Xalq artisti vurğulayıb ki, legitimlik üçün ittifaqın 470 üzvündən ən azı 50 faiz + 1 nəfərin iştirakı tələb olunur:
"Bu isə 240-dan çox iştirakçı deməkdir. Əvvəlcə ora təxminən 110 nəfər gəlib. İnsanlar görüb ki, nə Şəfiqə xanım, nə də bizim tərəfdən əsas şəxslər iştirak edir, buna görə də tədbiri tərk ediblər. Sonda yalnız onun öz ətrafı qalıb.
Təsəvvür edin ki, bəzi mandatlar 2-3 dəfə sayılıb. Kinonun adından belə rüsvayçı alver aparıldığı üçün mən onları məhkəməyə verəcəyəm. Hələ bir mətbuatı da çaşdırırlar. Bu gün sağ olan 28 nəfər Azərbaycan kino xadimi və Xalq artisti, o cümlədən Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Vaqif Mustafayev və Şəfiqə xanım həmin toplantıda iştirak etməyiblər".
O bildirib ki, təsadüfi adamlar kino adı ilə alver edir, özləri üçün toplantı keçirib sədr seçirlər:
"Əli İsa kimdir ki, gəlib Vaqif Mustafayevə, Oqtay Mirqasımova, Fəxrəddin Manafova, Şeyx Əbdülə rəhbərlik etsin?
Heç Əməkdar mədəniyyət işçisi də deyil. Bu məsələ ilə bağlı artıq cinayət işi başlanıb. Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır.
O da vəziyyətdən çıxmaq üçün çabalayır, toplantı keçirərək xal qazanmağa çalışır. Ancaq mümkün deyil. Yol verilən qanunsuz əməllərə görə hər kəs qanun qarşısında cavab verməli olacaq. Ən qəribəsi isə odur ki, bizim adımızdan həqiqətə uyğun olmayan bəyanatlar yayılıb.
Tələm-tələsik kinoya aidiyyəti olmayan şəxsləri başına toplayaraq saxta bir toplantı düzəldib və onun da heç bir legitimliyi yoxdur”.








