"Rusiyanın Ukraynaya təcavüzü, artıq Böyük Vətən müharibəsindən daha çox davam edir – bu Putin və komandası üçün ciddi siqnal və “anti-Pr” elementidir". "DİA-AZ" xəbər verir ki, bunu son günlər Ukrayna-Rusiya cəbhəsində müşahidə olunan gərginliyi şərh edən ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
"Bu yükün altından çıxmaq çətin olacaq, Kremlin rəsmi təbliğatçıları belə, bu qədər uzanan müharibəni izah etməyə söz tapmırlar", deyə fikrini davam etdirən partiya sədri daha sonra əlavə edib:
"Yeni tezisləri odur ki, Ukrayna qardaş xalqdır, biz total müharibə aparmırıq, vətəndaşlara ziyan vurmaq istəmirik – halbuki, Rusiyanın təcavüzü nəticəsində həlak olan dinc ukraynalıların sayı 30 mindən çoxdur (Mariupolda ölənlər bura daxil deyil, çünki, onların dəqiq sayı bilinmir). Rusiyanın Ukrayna ərazisində törətdiyi dağıntıların, vurduğu ziyanın dəyəri isə 1 trilyon dolları keçib.
Rusiyanın Ukraynaya təcavüzü, Ukraynanın isə bu təcavüzü önləmək üçün atmadığı addımlar, tarixdə “axmaqların müharibəsi”, kimi qalacaq, hər iki ölkədə gələcək nəsillər bu mənasız, qanlı savaşı lənətləyəcəklər..."










