Türkiyə Prezidenti hava hücumundan müdafiə sisteminin istehsalına başladıqlarını bildirib - MÜJDƏ
Tarix: 16-12-2020, 16:22 |
Çap et
“Müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq. Bu sahədə sevindirici xəbərlərimiz var”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən sonra müdafiə sənayesinə və bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə və onun kollektivinə daha çox çox dəstək verəcəklər.
“Biz Türkiyəyik, böyük düşünməliyik. ASELSAN və “Roketsan” tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu. Amma biz yerli hissəni qısa müddətdə istehsal etməyi bacardıq və nəticəyə nail olduq. Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”-nın mütəmadi istehsalına başlanıb, xeyirli olsun”, - deyə Ərdoğan vurğulayıb.