"Sanki bir `alo` dediyimizdə başımızın üstünü kəsdirəcəklər..." - GİLEY
Tarix: 22-06-2024, 12:33 |
Çap et
"Bir neçə gün əvvəl belimdə bərk ağrılar yarandı. Ağrılar qəfil tutduğundan ən yaxın olan tibb müəssisəsinə - Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "Alo Doktor" Klinikasına müraciət etdim. Və peşman oldum..." Dia-az.İnfo bildirir ki, bunu açıqlamasında Vertikal.Az saytının rəhbəri Vüsal Hacıoğlu qeyd edib.
Jurnalist başına gələnləri daha sonra belə nəql edir: "Klinikanın yanındakı aptekdən iynə aldım ki, klinikadakı tibb bacılarına vurdurum. İnanın ki, klinikanın pilləkənlərini belə ağrıdan güclə çıxmışam...
Bu halıma rəğmən, "Alo Doktor"un qəbul şöbəsində oturanlar "biz resept olmadan iynə vura bilmərik" deyib yardım etməkdən imtina etdilər. Halbuki onlara dəfələrlə bildirdim ki, vuracaqları iynə ağrıkəsicidir və illərdir mən bu ağrı ilə yaşayıram. Amma nə xeyri?.. Kimə deyirsən...
Adlarını elə qoyublar (ALO DOKTOR) sanki bir "alo" dediyimizdə başımızın üstünü kəsdirəcəklər... Amma ayaqlarına gəlirsən və ağrıdan az qala ayaqlarına döşənirsən, normal HƏKİMLİK BORCUNU belə yetirməkdən imtina edirlər...
Bax, budur Azərbaycan səhiyyəsinin real və acınacaqlı mənzərəsi..."