LƏNKƏRANDA MƏŞHUR "GÜL BAĞI" YANDI
Tarix: 11-07-2013, 11:05 |
Çap et
1 GÜN ƏVVƏL BİR UŞAQ TUTULMUŞDULənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən məşhur “Gül bağı”nda yanğın baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 10-da saat 21.00 radələrində qeydə alınıb. Yanğından xəbər tutan gözətçilər dərhal bu barədə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb, alovun geniş zolağa keçməsinə imkan verilməyib. Bağın gözətçisi Natiq Mirzəyevin sözlərinə görə, yay fəsli daxil olandan bəri gül bağında tez-tez yanğınlar baş verir. Amma bu yanğınlar hər hansı bir təsadüf nəticəsində deyil, düşünülmüş şəkildə və kimlərinsə əli ilə törədilir. Bir neçə gün bundan əvvəl isə bağı yandırmağa cəhd edən 1 uşaq gözətçilər tərəfindən saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Yanğın zamanı 380 kvadratmetrlik sahədə kol-kos, o cümlədən müxtəlif növ gül və bəzək ağacları yanaraq məhv olub.
Qeyd edək ki, “Gül Bağı” vaxtilə Lənkəranın ən görməli ərazilərindən olub. Dünyanın hər yerindən buradakı gülçülük sovxozuna gətirilmiş müxtəlif növ güllər, dekorativ bitkilər yerli şəraitə uyğunlaşdırılmaqla becərilib və şəhərsalmada geniş istifadə olunub.