ERMƏNİLƏR XANKƏNDİ AEROPORTUNDA İSRARLIDIR
Tarix: 8-11-2011, 14:44 |
Çap et
ARTIQ BƏZİ SINAQ İŞLƏRİ HƏYATA KEÇİRİLİR
Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altında saxladıqları Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar. Məlumata görə, aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib.
Hava limanının uçuş-enmə zolağının uzunluğu 2 min 300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə Yerevana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən həyata keçirilmiş işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib.
Qeyd edək ki, ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salındı.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan etmişdir ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyini bildirib.