Ermənistandakı revanşistlərin yalan kampaniyası: - Bəzi qüvvələr hələ də ağıllanmayıb
Tarix: 11-09-2024, 17:22 |
Çap et
Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan “Gizli məlumatları ilk dəfə açıqlayıram” anonsu ilə Bakı-İrəvan sülh sazişi layihəsinə dair iddialar irəli sürüb. Mamicanyan sülh müqaviləsi ilə bağlı məlumatlar əldə etdiyini deyib. O bildirib ki, müqavilədə sərhədlərin demarkasiyası haqqında heç nə olmayacaq. Erməni məhbusların qaytarılması (separatçılar-red), o cümlədən, Azərbaycan qoşunlarının sərhəddən çıxarılmasına dair heç nə yoxdur. Nəqliyyat qovşaqları Azərbaycanın xeyrinə həll ediləcək. Bu isə tamamilə Ermənistanın əleyhinə olan sənəddir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Ermənistan parlamentindəki "Şərəfim var" fraksiyası bütövlükdə yalanlarla doludur:
“Onların məqsədi Azərbaycan və Ermənistan arasında münasibətləri korlamağa fokuslanıb. Nəzərə almaq lazımdır ki, nəqliyyat qovşaqları və digər məsələlərlə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Həmin öhdəlikləri yerinə yetirmək onların borcudur. Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycanla müqavilələrə dövlət olaraq imza atıblar. Mövcud olan digər məsələlərin detalları isə sülh imzalanması ərəfəsində və ya ondan sonra ictimaiyyətə açıqlanacaq. Ermənistandakı revanşistlər və müxalif siyasi fraksiyaların Azərbaycan əleyhinə belə fikirlər səsləndirməsi rəsmi İrəvanda ictimai-siyasi şüurun düşdüyü bədbəxt vəziyyəti növbəti dəfə nümayiş etdirir. Eyni zamanda Ermənistanda bəzi qüvvələrin hələ də ağıllanmadığını göstərir".