ZABİTİMİZƏ TÜRKİYƏDƏ DƏSTƏK
Tarix: 23-09-2011, 14:36 |
Çap et
ANKARADA RAMİLLƏ BAĞLI AKSİYA
Türkiyənin paytaxtı Ankarada Ramil Səfərova dəstək aksiyası keçirilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, ASİMDER (Asılsız Erməni İddiaları ilə Mücadele Derneği) tərəfindən təşkil edilən və Macarıstanın Ankaradakı səfirliyi qarşısında keçirilən aksiyada Azərbaycan Respublikasının vətəndaşları və İrandan olan azərbaycanlılar iştirak ediblər.
Aksiya iştirakçıları yaydıqları bəyanatda Macarıstan məhkəməsinin Ramil Səfərova qarşı hökm çıxararkən yüngülləşdirici motivləri nəzərə almadığını vurğulayaraq, bu ölkədən onun işinə yenidən baxılmasını tələb ediblər.
Bəyanatda Ramil Səfərovun cəzasının qalan hissəsinin Azərbaycanda çəkməsinin vacibliyi vurğulanıb.
Macarıstanın Ankaradakı səfirliyinin yüksək rütbəli əməkdaşı aksiya iştirakçıları ilə görüşəndən sonra onların yazılı bəyanatını qəbul edib, ölkəsinin dəyərləndirməsindən sonra aksiya təşkilatçılarına məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, R. Səfərov Macarıstanda erməni zabit Qurqen Marqaryanı öldürməkdə təqsirli bilinərək, Budapeşt Şəhər Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.