Müraciətdə daha sonra deyilir: "Xəbərdarlıq niyə normal Azərbaycan dilində yazılmır? Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir? İkincisi, “Azəriqaz” mənim mənzilimdə hansı haqla və niyə “müayinə” aparmalıdır? Əslində, söhbət mənzildəki qaz avadanlıqlarının müayinəsindən getməlidir ki, bu da “QAZ TƏCHİZATI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU” ilə tənzim olunur. Qanunda bununla bağlı belə bir maqddə var: “ 18.2. Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir”.
Suraxanı rayon qaz istismarı idarəsinin əməkdaşları isə qanunun bu maddəsinin tələblərinə əməl etmədən, (nə poçtla bildiriş göndərilib, nə də email və s. vasitəsilə xəbərdarlıq edilib) özbaşına mənzilin qaz təchizatını dayandırıblar. Guya bunlara “mənzli müayinə etmələri” üçün şərait yaradılmayıb. Bununla bağlı iyulun 2-də “Azəriqaz”ın 104 qaynar xəttinə və elektron poçtuna müraciət etsəm də, hələ ki bir xəbər yoxdur. İyulun 7-də 104-ə təkrar zəng etdim. Mənə ən yaxşı halda məsləhətləri bu oldu ki, istəyirsənsə, rəisin telefon nömrəsini verək, zəng elə özün danış. Başa düşmürəm, şikayətə beləmi cavab verilir? Abonentə xəbərdarlıq etmədən mənzilin qaz təchizatını dayandırmaq olarmı? Axı söhbət qaz istismarı zamanı hansısa qanun pozuntusundan yox, ildə bir dəfə qaz avadanlıqlarının müayinəsüindən gedir ki, bunun üçün də mənzil sahibinə 5 işi günü əvvəlcədən bildiriş göndərilməlidir. ."








