İyulun 4-də Zəngilan rayonunun Ağalı kəndi ərazisində Həkəri çayında batan Həsənov Nüşrəvan Mehdi oğlunun nəşi hələ də tapılmayıb.
Bu barədə Musavat.com-a danışan batan şəxsin qardaşı Vaqif Həsənov bildirib ki, Nüşrəvan Həsənov qardaşı oğlu ilə birlikdə çayın kənarında çimirmiş. Onun sözlərinə görə, qəfil gələn sel suları Nüşrəvanı aparıb. Vaqif Həsənov qeyd edib ki, qardaşı Ağalı kənd sakini olub və kənddə yaşıllaşdırma işləri ilə məşğul idi.
“Yerli icra nümayəndələri lazımi tədbirlər görüblər, yaxınlıqdakı şirkətlərlə əlaqə yaradaraq əraziyə texnika cəlb ediblər. Hazırda iki uzunqollu ekskavator, bir "KamAZ" və bir kran axtarış işlərinə cəlb olunub. Lazımi işlər görülür, bu baxımdan ciddi problem yoxdur. Sadəcə, vəziyyət çətindir, çayda suyun səviyyəsi yüksəkdir.
Yerli sakinlər də könüllü şəkildə axtarışlara qoşularaq əllərindən gələn köməyi göstərirlər. FHN-nin kənddə kiçik bir qayığı var. Həmin qayıqla gələn əməkdaşlar artıq 4 gündür ərazidədirlər. Onlar yalnız bir dəfə çay qollarının birləşdiyi hissəyə baxış keçiriblər, lakin son 4 gündə hər hansı iş görülməyib.
Əsas ehtiyac su üzərində xilasetmə-axtarış işlərinin təşkil edilməsidir. Təəssüf ki, bu istiqamətdə lazımi tədbirlər görülmür. Hazırda ən vacib məsələ məhz su üzərində axtarış və xilasetmə işlərinin təmin olunmasıdır.
Bununla bağlı hansı tədbirlərin görüləcəyini bilmirəm, FHN tərəfindən əlavə qüvvə və ya köməyin gəlib-gəlməyəcəyindən də məlumatımız yoxdur”.








