"Vaxt var idi mən həftənin 3-4 gününü efirdə olurdum. "Səhər görüşləri", "Komediyalar aləminə səyahət" və s. bir çox verilişlərdə, yumoristik novellalarda çıxış edirdim. Bizdə məsuliyyət də var idi. Efir adamı olmaq səni daha da məsuliyyətli edirdi. Çox təəssüf ki, indi nə televiziya filmləri çəkilir, nə də tamaşaları.. Mən teatrdan 120 rubl maaş alırdımsa, Aztv-dən 400 rubl qonorar alırdım. Bu da maaşımdan 3-4 dəfə çox idi. İndi televiziyalarda qonorar sistemi yoxdur.. Aktyor hara gedirsə elə bil ki, onların işçisidir, gəlib bu işi görməlidir, 2 saatlıq verilişi doldurmalıdır, şeir deməlidir, monoloq söyləməlidir. Evə usta çağıranda ona pul vermirsən? Aktyor da sənət göstərəndən sonra ona qonorar vermək lazımdır da. Çünki aktyorun işi budur".
Bunu Modetator.az-a Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamal deyib.
O daha sonra əlavə edib:
"Biri-birindən gözəl tamaşalar hazırlanırdı. "Komediyalar aləminə səyahət" layihəsində ilk dəfə "Qız atası" televiziya tamaşasına çəkilmişəm. O tamaşa bilirsiz necə getdi? Bir nəfəsə çəkildi, operatorlar, səs rejissorları, redaktorlar gülməkdən özlərini saxlaya bilmirdilər. Bir günün içində hamımız tanınmış olduq. Mənim o vaxtı 27 yaşım var idi. Küçəyə çıxa bilmirdim, böyüklər də, uşaqlar da arxamca düşüb "Yarik, Yarik" deyirdilər. Diqqət var idi. Bütün yaradıcılıq işlərinə baxan insanlar buna diqqət göstərirdilər. Bu gün nədənsə elə çəkilişlər yoxdur. Bir neçə il əvvəl bir "Sabah" studiyası ilə Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları" televiziya tamaşasını çəkməyə başlamışdıq. Rejissoru Şərif Qurbanəliyev idi. Yaxşı da kollektiv yığılmışdı, oxunuş edirdik. İcazə vermişdilər ki, başlayın. Sonra məlum oldu ki, Aztv-də maddi problemlər var. Tarixi kostyumlar, tarixi dekorlar və s. əşyalar lazım idi. Müasir əsər deyil ki, mən evdən gətirdiyim geyimi geyinim. Nəysə ki, alınmadı. Orada çəkilənlər də içi mən qarışıq bəlkə 5 ildən sonra çəkilə bilməyəcəklər. Həyatdır da. Vaxtında gərək bu aktyorlardan istifadə etsinlər".








