Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək.
Maraqlıdır, bəs ölkədə bu tələblərə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri varmı? Əgər yoxdursa, mövcud nəqliyyat vasitələrini bu formaya gətirmək mümkündürmü? Yenilik ətin qiymətinə necə təsir edəcək?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, nəqliyyat vasitələri haqda dəqiq fikir deyə bilməz:
"Şübhəsiz ki, yeni avtomobillər alınacaq, ya da mövcud avtomobillər yenidən təchiz edilərək tələblərə uyğunlaşdırılacaq. Bütün əlavə xərclər, əlbəttə, maya dəyərinə gələcək və sonda hər şey istehlakçıdan çıxır. Hər şeyi istehlakçı ödəyir. Ölkədə istehlakçı siyasəti bərbad haldadır. İstehlakçı hüquqları haqqında qanun 1995-ci ildə qəbul olunub, ondan bəri dəyişmir. Olan dəyişikliklər də istehlakçının zərərinə olub. Ölkədə nə qədər ki, istehlakçı siyasəti bərbad vəziyyətdədir, hər şey istehlakçının belinə yüklənəcək. Hər bir izafi xərci, hər bir yeniliyi və s. biz istehlakçılar ödəyirik. Ölkədə mükəmməl istehlakçı siyasəti olmalıdır ki, məsələlərdə dəyişiklik olsun. Yenilik, əlbəttə, ətin qiymətinə mütləq təsir edəcək. Heç bir biznes qurumu heç kəsə cibindən pul vermir. Hər şey istehlakçıdan çıxır. Birmənalı şəkildə ətin qiymətinin bahalaşmasına təsir edəcək. Artıq Azərbaycanda ətin qiyməti Avropa qiymətinə yaxınlaşır. Bu, çox təəssüfedici bir haldır".








