Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Fikrət Heybətovun idarənin tabeliyində olan müəssisələrə işə qəbul zamanı rəhbərliyi “şəhid ailəsidir”, “qazidir”, “veterandır” deyərək aldatdığı və heç bir xüsusi imtiyazı olmayan şəxsləri müəyyən şəxsi maraqlar qarşılığında işə götürdüyü iddia olunur.
Hətta bəzi hallarda şəhid ailələrinə belə yalandan vədlər verilərək, onların yerinə kənar şəxslərin işə götürüldüyü bildirilir. Xatırladaq ki, bu barədə əvvəlki yazılarımızda Xaçmaz rayonu Qımılqışlaq kənd tam orta ümumtəhsil məktəbi ilə bağlı məlumat vermişdik. Belə ki, 1-ci Qarabağ müharibəsi şəhidi Paşayev İlham Hüseyn oğlunun bacısı Tahirova Elminaz və şəhid Vahab Adilovun bacısı Kərimova Ədilə iş üçün müraciət etdiyi halda, onların yerinə Müslümova Şəfiqə işə götürülmüşdü.
Düzdür, sonradan məsələ ilə bağlı xəbər yayımlandıqdan sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev pensiya yaşına çatmış digər vətəndaşın yerinə şəhid bacısı Tahirova Elminazın xadimə kimi işə götürülməsini təmin etmişdi.
Redaksiyamıza daxil olan çoxsaylı məlumatlardan məlum olur ki, vakant texniki işçi yerləri ilə bağlı Fikrət Heybətov rəhbərliyə həmin şəxslərin “şəhid ailəsi”, “qazi” və ya “müharibə iştirakçısı” olduqları barədə məlumat verir. Halbuki həmin şəxslərin heç bir imtiyazı olmadığı iddia edilir və nəticədə özü ilə razılığa gələn şəxslərin işə qəbuluna nail olunur.
Növbəti yazımızda rəhbərliyi “müharibə iştirakçısı”, “şəhid ailəsi” adı ilə aldadaraq işə götürdüyü iddia olunan şəxslərin tam siyahısını oxucularımıza təqdim edəcəyik.
Bakunews.az









