Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Miqran Şahzadeyan Zəngəzur dəhlizinin ölkə üçün ciddi geosiyasi və təhlükəsizlik riskləri yarada biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, Şahzadeyanın sözlərinə görə, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan təkcə İranla əlaqələrindən məhrum olmaq təhlükəsi ilə üzləşməyəcək. Onun fikrincə, ölkə eyni zamanda demək olar ki, Rusiyadan da təcrid oluna və İran hərbçilərinin potensial hədəfinə çevrilə bilər.
Ekspert bildirib ki, Zəngəzur dəhlizinin hüquqi əsasları kifayət qədər qeyri-müəyyəndir. Onun sözlərinə görə, layihənin hansı konkret hüquqi baza əsasında həyata keçiriləcəyi tam aydın deyil.
Şahzadeyan qeyd edib ki, tərəflər öz istəklərinə uyğun hərəkət edə və layihəyə istənilən dəyişiklikləri daxil edə bilərlər. Bu isə Ermənistan tərəfi üçün potensial risklər yaradır.
Ekspertin fikrincə, Ermənistan nümayəndələri təzyiq altında və ya müəyyən şəraitin təsiri ilə ölkənin maraqlarına uyğun olmayan razılaşmaları imzalamaq məcburiyyətində qala bilərlər.
Şahzadeyan həmçinin bildirib ki, “Şimal-Cənub” nəqliyyat marşrutu gələcəkdə Ermənistan ərazisindən deyil, Azərbaycan üzərindən keçə bilər.
“Bunu anlamaq lazımdır. Azərbaycanda bu marşrutu artıq ‘Zəngəzur dəhlizi’, Türkiyədə isə ‘Turan dəhlizi’ adlandırırlar”, – deyə ekspert vurğulayıb.
O, layihəyə Rusiya-Amerika əsilli sahibkar Konstantin Sokolovun cəlb olunmasına da skeptik yanaşıb. Şahzadeyan bildirib ki, Sokolovun prosesdə iştirakını Rusiyanın layihəyə qoşulması kimi qiymətləndirmək düzgün deyil.




















