Naxçıvanda küçə və avtomobil yollarının tez-tez yararsız vəziyyətə düşməsi təsadüfi deyil. Bu sahədə çalışan əməkdaşların sözlərinə görə, səbəblərdən biri yol təsərrüfatında baş verən korrupsiyadır.
Onlar bildirirlər ki, Naxçıvan Yol Təmir Tikinti İstismar MMC və Naxçıvan Yol Nəqliyyat Agentliyinin balansındakı texnikaların böyük hissəsi artıq işlək deyil.
İşçilərin iddiasına görə, texnikaların təmiri və ehtiyat hissələrinin alınması üçün sənədlərdə vəsait ayrıldığı göstərilir. Lakin real vəziyyətdə texnikalar təmir olunmur və illərdir yararsız halda qalır. Onların sözlərinə görə, ayrılan vəsaitlərin hara xərcləndiyi sual doğurur.
Adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşlardan biri deyir ki, sənədlərlə real vəziyyət arasında ciddi fərq var:
“Naxçıvan şəhərinin mərkəzdən kənar küçələri pis vəziyyətdədir. Digər şəhər, qəsəbə və kəndlərdə də vəziyyət eynidir. Bunun əsas səbəbi texnika çatışmazlığıdır. Halbuki bu texnikalar kağız üzərində fəaliyyət göstərir.
Sənədlərdə göstərirlər ki, texnikalara ehtiyat hissələri alınıb, təmir aparılıb. Amma faktiki olaraq maşınların çoxu işlək deyil. Bir çoxunun istismar müddəti çoxdan bitib.
Ehtiyat hissəsi adı ilə vəsait ayrılır, amma texnika yenə sıradan çıxmış vəziyyətdə qalır. Bu pulların hara getdiyini biz də bilmirik. Nəticədə insanlar yolsuzluqdan əziyyət çəkirlər.”
Digər əməkdaş isə bildirir ki, texnikanın işləməməsi yol təmirini faktiki olaraq iflic vəziyyətə salır:
“Texnika işləməyəndə yol təmiri dayanır, işlər gecikir. Dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli istifadə olunmadığı açıq görünür. Əgər ehtiyat hissələri alınıbsa, niyə texnika işləmir? Əgər alınmayıbsa, niyə sənədlərdə alınıb göstərilir?”
Onun sözlərinə görə, bu məsələni qaldıran işçilərə qarşı da təzyiq göstərilir və onları işdən çıxarmaqla hədələyirlər.
"Gündəlik Naxçıvan"








