Naxçıvanda küçələrin böyük hissəsi gecələr işıqlandırılmadığından yaşayış məntəqələri qaranlığa qərq olur. Bu isə xüsusilə kənd yerlərində yaşayan sakinlər üçün ciddi problemlər yaradır. Onlar vəhşi heyvanların qorxusundan gecələr evdən çölə çıxa bilmədiklərini deyirlər.
“Gündəlik Naxçıvan”a məlumat verən sakinlərin sözlərinə görə, bəzi yerlərdə elektrik dirəkləri və lampalar qoyulsa da, onlar ya işləmir, ya da çox zəif işıq verir.
Yerli icra hakimiyyətləri isə bunu elektrik enerjisinə və büdcəyə qənaət olunması ilə əsaslandırırlar.
Bu vəziyyət həm yol qəzalarının artmasına, həm piyadaların vurulmasına, həm də sakinlər üçün əlavə təhlükə yaranmasına səbəb olur.
Şərur rayon sakini Zakir Əmirov deyir ki, axşam düşən kimi yaşadığı kənd tam qaranlığa qərq olur:
“Axşam düşən kimi kənd zülmət qaranlıq olur. Evlərin pəncərələrindən işıq görünməsə, burada yaşayış məntəqəsi olduğu bilinməz. Nə küçə işığı var, nə də yol kənarında bir lampa. Maşınlar biri-birini son anda görür. Gecə yol kənarında dayanmaq çox təhlükəlidir. Qəzaların da sayı artıb. Qaranlıqda ac qalan vəhşi heyvanlar belə kəndə tökülüb gəlir.
Bu səbəbdən dağ kəndləri daha təhlükəli olur. Əvvəllər insanlar həyətlərinin işıqlanması və vəhşi heyvanların gəlməməsi üçün lampa yandırırdılar. Elektrik pulu o qədər bahadır ki, həyətin işığını da uzun müddət yandıra bilmirik.”
Şahbuzun dağ kəndlərindən birində yaşayan Nail Seyidov da oxşar problemlə üzləşdiklərini deyir:
“Əhali azalıb, kəndlər boşalıb, gecələr tam səssizlik olur. Qaranlıqdan istifadə edən vəhşi heyvanlar dağlıq ərazilərdən yaşayış yerlərinə qədər gəlir. Hər gecə itlərin hürüşməsi ilə oyanırıq.
Sabah bir hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq? Hər küçədə mümkün olmasa da, heç olmasa yol kənarında elektrik dirəkləri olmalıdır.”








