Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla sentyabrın 1-də Bişkekdə görüşəcək. "DİA-AZ" xəbər verir ki, məlumatı Rusiya KİV-lərinə açıqlamasında Putinin köməkçisi Yuri Uşakov açıqlayıb. O, tərəflərin Ermənistanın Avropa Birliyinə üzvlük məsələsini müzakirə edəcəklərini bildirib:
“Ermənistan baş naziri Nikol Paşinyanla danışıqlar olacaq. Ermənistandakı seçkidən sonra liderlərimiz artıq təmasda olub. Təxminən aydındır ki, nə müzakirə ediləcək. Biz israr edirik ki, Ermənistan Avrasiya İttifaqı çərçivəsində əməkdaşlıq fayda götürüb eyni anda Avropa Birliyi üzvlüyünə iddia edə bilməz. Bu məsələ necəsə həll edilməlidir”.
O, həmçinin Kremlin Ermənistan müxalifətindəki kütləvi həbslərdən narahat olduğunu bildirib. Uşakov həmçinin eyham vurub ki, danışıqlar Rusiya ilə münasibətlərin möhkəmlənməsini dəstəkləyən liderlərin həbsi fonunda baş tutacaq.
Hələlik görüşün olub-olmayacağı ilə bağlı Ermənistan tərəfi açıqlama yaymayıb.
Erməistanla Rusiya arasında artıq bir neçə aydın Yerevanın Avropa İttifaqına üzvlük məsələsi gərginlik yaradıb. Moskva Ermənistandan bu məsələdə referendum keçirilməsini tələb edir. Paşinyan isə Avrasiya İttifaqından çıxmaq niyyətləri olmadıqlarını deyərək, referendumu rədd edib. O həmçinin bu həftə Yerevanın Avropa Birliyinə üzvlüklə bağlı ərizənin hazırlanma prosesinə başlayacaqlarını bildirib.













