“Forbes” nəşri Rusiya Prezidenti Vladimir Putinin məqsədinin Avropa İttifaqı (Aİ) və NATO-nu parçalamaq, həmçinin Moskvanı Avropada dominant gücə çevirmək olduğunu yazıb.
Nəşrin məlumatına görə, Putinin Ukraynanı tükəndirmə müharibəsi ilə məğlub etmək strategiyası uğursuzluğa düçar olur. Bildirilir ki, Rusiya hər ay səfərbər edə bildiyindən daha çox insan itirir, Ukrayna isə iki ildən sonra ilk dəfə daha çox ərazi geri qaytarıb və Rusiya ərazisinin dərinliklərinə zərbələri artırır.
Nəşr yazır ki, bu fonda Rusiya münaqişəni Ukraynadan kənara çıxarmağa çalışa bilər. Xüsusilə Litva, Latviya və Estoniyaya qarşı təhdidlərə diqqət çəkilir.
Kreml Baltikyanı ölkələrdə rus azlıqlarının guya təqib edildiyini iddia edərək bunu hərbi müdaxilə üçün bəhanəyə çevirə bilər.
"DİA-AZ" xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, mövcud mənzərə və təhlillər Ukraynanın artıq təşəbbüsü ələ aldığını göstərir:
“Amma Rusiya tək Ukrayna ilə yox, bütövlükdə Avropa ilə müharibə aparır. Hərçənd Rusiyaya da açıq və gizli şəkildə dəstək olan qüvvələr var. Moskva getdikcə “dalana dirənir”. Hələlik gücü olsa da, getdikcə zəifləyir. Rusiya bəlkə də, Ukrayna ilə danışıqlara gedə bilər, lakin imperialist ambisiyaları buna mane olur.
İndi Rusiyaya ən çox mane olan Ukraynanı dəstəkləyən və müharibənin uzanmasına çalışan Avropadır. Bu məqsədlə iddia olunduğu kimi, Rusiya Baltikyanı ölkələrə hücumla Qərbi parçalamaq istəyə bilər. Lakin bu, Moskvaya nə isə verməyəcək. Əksinə, hazırda Rusiya ilə ehtiyatlı davranan, ümumi axına qoşulmayan bəzi Avropa dövlətləri təhdid qarşısında birləşəcək. Beləliklə, Moskva daha çətin durumda qalacaq. Həm də Rusiya bunu ABŞ-ın razılığı olmadan etməz. Düşünürəm ki, iddia olunan versiyadan çox Avropanın özünün təxribat törədərək mümkün danışıqların qarsısın alması daha inandırıcıdır”.








