Cənubi Qafqazda son illərdə müşahidə olunan geosiyasi dinamika region ölkələrinin xarici siyasət kursunu və böyük güclər arasında rəqabətin istiqamətlərini daha aydın şəkildə üzə çıxarır. Bu kontekstdə Ermənistanda hakimiyyətin siyasəti, xüsusilə Nikol Paşinyanın yürüdüyü xətt və onun Qərb institutları ilə münasibətləri geniş müzakirə mövzusuna çevrilib.
Bu hadisələrin fonunda Ermənistan ilə Fransa arasında strateji tərəfdaşlıq bəyannaməsi qəbul edilib. “Armenpress”in xəbərinə görə, sənədi Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron imzalayıb. İmzalanma mərasimindən əvvəl Paşinyan və Makron arasında təkbətək görüş olub.
Bu da onu göstərir ki, Ermənistanda gedən siyasi proseslər, qarşıdan gələn seçkilər və xarici təsirlərin rolu regionun gələcək siyasi arxitekturasını anlamaq üçün mühüm əhəmiyyət kəsb edir.
Politoloq Azad Məsiyev Sherg.az-a Ermənistan-Avropa münasibətlərindən danışıb:
"Paşinyan Ermənistanda Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin himayəsi ilə hakimiyyətə gətirilib. O açıq şəkildə Qərb qarşısında müəyyən öhdəlik götürüb. Bu öhdəlik ondan ibarətdir ki, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətsin və ölkədə qərbyönlü siyasi kurs həyata keçirsin. Bu illər ərzində Paşinyan bu xətti uğurla davam etdirir. Diqqət yetirsəniz, onun siyasəti nəticəsində Ermənistan Rusiya platformalarını boykot edir və zaman-zaman Rusiyanın təsir dairəsindən çıxmaq üçün addımlar atır. Xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot edir və Müstəqil Dövlətlər Birliyinin toplantılarına ikinci, üçüncü dərəcəli şəxslər göndərir.
Bu, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması, qərbyönlü siyasətin həyata keçirilməsi və Qərbin təsirinin gücləndirilməsi deməkdir".
Politoloq qeyd edib ki, hazırda Ermənistanda ciddi təlatüm müşahidə olunur:
"İyun ayında parlament seçkiləri keçiriləcək və hakimiyyətin kimə keçəcəyi məsələsi gündəmdədir. Əgər Paşinyan hakimiyyətdən getsə, ölkədə yeni siyasi situasiya yaranacaq. Bu baxımdan, başda Amerika Birləşmiş Ştatları olmaqla Qərb, xüsusilə də Avropa Birliyi ölkələri Paşinyana həm siyasi, həm də iqtisadi dəstək verir. Məqsəd onu hakimiyyətdə saxlamaq və bu siyasi kursun davamını təmin etməkdir.
Bu çərçivədə müxtəlif dövlətlərin rəhbərləri Ermənistana səfərlər edir, həm ikitərəfli, həm də çoxtərəfli görüşlər keçirilir. Məqsəd Paşinyanı hakimiyyətdə saxlamaq və seçkilərdə ona dəstək verməkdir. Əslində isə Ermənistanda hakimiyyətin mənbəyi xalq deyil, Vaşinqton, Brüssel və ya Moskva kimi xarici mərkəzlərdir. Bu isə ölkədə gərginliyi artırır.
Fransa da bu proseslərdə xüsusi fəallıq göstərir. Ermənistanda keçirilən beynəlxalq toplantıda Avropa ölkələrinin rəhbərləri fəal iştirak etdilər. Fransa Prezidenti Makronun toplantıda aktivliyi xüsusilə diqqət çəkdi. Məlumdur ki, Fransada erməni lobbisi güclüdür və Ermənistanın siyasətini bu ölkə açıq şəkildə dəstəkləyir. Ermənistan-Fransa əməkdaşlığı da məhz bu xətt üzrə inkişaf edir.
Ümumilikdə, Avropa Birliyi Cənubi Qafqaz respublikalarını öz təsir dairəsinə salmaq niyyətindədir. Bu məqsədə nail olduqdan sonra isə regionu Rusiyaya qarşı istifadə etməyi planlaşdırır. Gürcüstanın baş naziri də açıq şəkildə bəyan etdi ki, Avropa Birliyi Gürcüstana Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün təzyiq göstərir. Gürcüstan bu tələbi yerinə yetirmədiyinə görə ona qarşı təzyiqlər artdı".
Analitik Azərbaycanın da eyni təzyiqlərlə üzləşdiyini söyləyib. Onun sözlərinə görə Fransa və Aİ Ermənistanın əli ilə Cənubi Qafqazda gərginlik yaratmaq niyyətindədir:
"AŞPA-da və Avropa Parlamentində Azərbaycana qarşı qərarlar qəbul edilir, şantaj və təzyiq metodlarından istifadə olunur. Bütün bunlar Avropa Birliyinin Cənubi Qafqaz ölkələrini öz təsiri altına salmaq istəyindən irəli gəlir. Bu prosesdə Ermənistan xüsusi rol oynayır.
Paşinyan isə Ermənistanın milli maraqlarından çox, Qərbin maraqlarına uyğun siyasət aparır. Fransa ilə əməkdaşlıq da bunu açıq şəkildə göstərir. Fransa, Ermənistanı dəstəkləməklə bu siyasətin daha sürətli həyata keçirilməsində maraqlıdır.
Avropa Birliyi, xüsusilə də Fransa, Ermənistan üzərindən Cənubi Qafqazda gərginlik yaratmaq niyyətindədir. AŞPA-da qəbul edilən qərarlar da bu məqsədə xidmət edir. Fransa bu proseslərdə ən fəal dövlətlərdən biridir.
Fransa ilə Ermənistan arasında əməkdaşlıq regionda sabitliyi pozmağa yönəlmiş addımdır. Çünki Paşinyanın siyasəti qlobal güclərin maraqlarını uzlaşdırmaq deyil, əksinə, onları toqquşdurmaq istiqamətindədir. Əgər Paşinyan həqiqətən Ermənistanın və erməni xalqının maraqlarını düşünürsə, o zaman qonşu ölkələrlə, xüsusilə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Lakin onun siyasəti ziddiyyətlidir: bir tərəfdən Avropa və ABŞ ilə əməkdaşlıq edir, digər tərəfdən Rusiya ilə əlaqələri saxlayır, eyni zamanda Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək görüntüsü yaradır.
Əslində isə məqsəd aydındır- hakimiyyətdə qalmaq və Qərbin sifarişi ilə siyasət yürütmək".
Müsahibimizin bildirib ki, Ermənistan-Fransa əməkdaşlığı üçüncü tərəfə, yəni Azərbaycana qarşı yönəlib:
"Uzun müddətdir ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi müşahidə olunur. Həm Avropa Parlamentində, həm də Fransa Parlamentində Azərbaycan əleyhinə dinləmələr keçirilir, qətnamələr qəbul olunur.
Bu isə Fransanın Azərbaycana düşmən münasibət sərgilədiyini göstərir. Ermənistan-Fransa əməkdaşlığı da məhz Azərbaycanın əleyhinə yönəlmiş siyasətin tərkib hissəsidir. Bu da beynəlxalq normalara ziddir.
44 günlük Vətən müharibəsindən sonra da Fransanın Azərbaycana qarşı siyasi təzyiq siyasəti davam etdi. Azərbaycan BMT platformasında gündəmə gətirilməyə çalışılıb, ona insan haqları bəhanəsi ilə təzyiqlər göstərilib.
Nəticə etibarilə, Fransanın Ermənistan üzərindən Azərbaycana qarşı düşmənçilik siyasətini gücləndirmək niyyətində olduğu görünür. Ermənistan-Fransa əməkdaşlığı da bu istiqamətə xidmət edir".









