Azərbaycan və Ermənistan ümumi daxili məhsula (ÜDM) münasibətdə ən böyük hərbi xərclərin ayrıldığı ilk 10 ölkə arasındadır. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.
Ermənistanda bu rəqəm 6,1%, Azərbaycanda 6,5%, Rusiyada 7,5%, Ukraynada 40% və İsraildə 7,8% təşkil edib. 2025-ci ildə ən yüksək artım Yaxın Şərqdə qeydə alınıb və ÜDM-in 3,8%-ni təşkil edib. Onları Avropa (3,2%), Afrika (1,8%), Asiya və Okeaniya (1,6%) və Amerika (1,2%) ölkələri izləyir.
İl ərzində büdcəyə düşən hərbi yükün ən böyük artımı Ukraynada (+5,6 faiz bəndi), ardınca Azərbaycanda (+1,4), daha sonra isə Norveç və Danimarkada (hər iki ölkə +1,0) müşahidə olunub.
Bu rəqəmlərin açması nədir? Belə çıxır, kapitulyant Ermənistan da hərbi xərcləri ilbəil artırmağa davam edir?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi: “Nə qədər acınacaqlı və ağrılı olsa da etiraf etməliyik ki, biz son zamanlar bəzi ölkələr arasındakı münasibətlərdə bir-birinə qarşı aqressiyanın artdığını və bir çox hallarda bunun hərbi toqquşmalarla nəticələndiyini görürük. Nədən belə olur? Dövlətləri bu aqressivliyə məhkum edən nədir? Əgər güclü dövlətlər dünyanın düzənini dəyişmək istəyirlərsə, onda niyə bunu məhz münaqişələr və müharibələr yolu ilə etmək istəyirlər? Bunun başqa, humanizmlə müşayiət olunan yollarını tapmaq mümkün deyilmi?
Məsələn, elə bir yol ki, orada ölkələr böyüklüyündən, kiçikliyindən, güclü və ya zəif olmalarından asılı olmayaraq, bir-biri ilə sülh və əminamanlıq şəraitində yaşasınlar, qarşıya çıxan problemləri isə əl-ələ verib birgə həll etsinlər? Nəzəri cəhətdən bu mümkündür. Ancaq praktiki olaraq biz indi bunun əksini görürük. Dövlətlər arasında bu durumun yaranmasının köklərini dərindən araşdırmaq üçün xüsusi bir tədqiqat aparılmaq lazımdır.
Lakin üzdən görünən budur ki, bütün münaqişələrin kökündə sadə insan pisxologiyasının həmişə diktə etdiyi “MƏN” dayanır. Bu mənin açması isə belədir – hər şeyin daha çoxu mənə aid olmalıdır və imkan varsa bu nədən belə olmasın! Bir qədər də sadə dillə desək, dünyada əhalinin sayının sürətlə artdığı bir dönəmdə maddi maraqların təmin edilməsi üçün insanlar hərbi yoldan daha ağıllı bir yolu hələki tapa bilməyiblər. Ona görə də bu gün əksər ölkələr sürətlə silahlanır və daha güclü ordu qurmaq yolunu seçirlər”.










